Daniel Rikkardo: “Maksın hərəkətləri gülməlidir”

“Red Bull” komandasının pilotu Daniel Rikkardo komanda yoldaşı Maks Ferstappen haqqında maraqlı məlumatlar paylaşıb. SİA-nın məlumatına görə, o, son köşə yazısında M.Ferstappenin bazar günü səhər iclaslarında danışlanları başını masaya qoyaraq dinlədiyini bildirib: “Maksın hərəkətləri gülməlidir. Onu tanımayanlar yatdığını zənn edərlər. Ancaq biz onun dinlədiyinə əminik. Sadəcə yatmış kimi görsənir. Səbəb isə Ferstappenin batil inanclarıdır. O, ayaqqabılarına və ya geyimlərinə şans gətirən nə isə qoyur. Nə qoyduğunu isə tam olaraq xatırlamıram”.

Pilot, həmçinin qeyd edib ki, Formula-1 yarışlarında iştirak etməsəydi, tennis oynayardı: “Tennisi həmişə sevmişəm. Bu oyunda heç bir cəfəngiyyat yoxdur, yaxşı olan qalib gəlir. Tennisdə idmançılar raketkalarını, ayaqqabılarını günahlandırmırlar. Burada kaska, zireh yoxdur, idmançıların üz ifadələrini tamaşaçılar görə bilirlər. Tennis matçı zamanı hər an hər şeyin dəyişə biləcəyini çox sevirəm. Yüksək təzyiq altında idmançıların maraqlı oyun göstərməsi çox gözəldir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə