“Qəbələ” “Neftçi” ilə qarılaşacaq

Sentyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının altıncı turuna yekun vurulacaq.

SİA-nın verdiyi məlumata görə, turun sonuncu oyununda "Qəbələ" komandası öz meydanında "Neftçi" ilə qarşılaşacaq. Baş hakim Fariz Yusifovun idarə edəcəyi görüş saat 18:00-da Qəbələ şəhər stadionunda başlayacaq.

Beş oyundan sonra "Qəbələ" 10 xalla üçüncü, "Neftçi" isə bir xalla yeddinci pillədə qərarlaşıb. Roman Qriqorçukun yetirmələri çempionluq iddialarını davam etdirmək üçün bu görüşdə qalib gəlməlidirlər. Paytaxt komandası isə bu mövsüm ilk dəfə üç xal qazanmaq və altıncı pillədəki "Səbail"lə xal fərqini minimuma endirmək üçün meydana çıxacaq.

Bu matç hər iki komanda arasında yubiley – 40-cı görüş olacaq. Bu görüşlərdən üçü Azərbaycan kuboku uğrunda mübarizədə, 36-sı isə milli çempionatda oynanılıb. Premyer Liqadakı qarşılaşmaların 13-də "Qəbələ", 15 oyunda "Neftçi" qalib gəlib, səkkiz görüş heç-heçə yekunlaşıb. Son üç qarşılaşmada meydan sahibləri qalib gəliblər. "Neftçi" son altı görüşdə cəmi bir dəfə qələbə qazanıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında Ağdamın "Qarabağ" komandası "Sumqayıt"ı 4:1, paytaxtın "Səbail" klubu "Kəpəz"i (Gəncə) 1:0 hesabı ilə məğlub edib. Payatxtın "Zirə" və "İnter" kollektivlərinin qarşılaşması isə heç-heçə başa çatıb – 1:1.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə