Azərbaycan millisi Polşa yığması ilə qarşılaşacaq

Sentyabrın 24-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində "A" qrupunda yer alan Azərbaycan yığması çempionatda ikinci oyununa çıxacaq.

SİA-nın verdiyi məlumata görə, saat 18:00-da Milli Gimnastika Arenasında keçiriləcək oyunda baş məşqçi Faiq Qarayevin yetirmələrinin növbəti rəqibi Polşa yığması olacaq.

İlk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Əvvəlki turlarda Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.

Hazırda 5 xala malik Polşa qrupda liderdir. Azərbaycan yığmasının 3, Almaniyanın 1 xalı var. İki görüşdən məğlub ayrılan Macarıstan isə xalsızdır.

Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan və Almaniya komandaları qarşılaşacaqlar. Bu görüşə isə saat 20:30-da start veriləcək.

Qaydalara əsasən, qruplarda birinci yeri tutan komandalar dörddəbir finala birbaşa vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerdə qərarlaşan komandalar isə pley-off mərhələsində mübarizə aparacaqlar. Çempionatın pley-off, dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək.

Oktyabrın 1-dək davam edəcək çempionatda 16 komanda dörd qrupda mübarizəyə qoşulub.

Müəllif: Ceyhun Rasimoğlu
loading...