Elxan Məmmədov: “Qərar sabah məlum olacaq” AÇIQLAMA

2019-cu ildə UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının turnirlərin final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq. SİA-nın məlumatına görə, bu barədə, AFFA-nın baş katibi Elxan Məmmədov affa.az-a açıqlama verib: “Prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımı qaydada hazırlanaraq, UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub.

Bu gün isə UEFA-da Yuksek İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. Lakin buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə