Sərbəst güləş yığmamızın uğurları - SƏS TV

“Senytabr ayının 4-10 tarixlərində Yunanıstanın Afina şəhərində yeniyetmələrin dünya birinciliyi keçirildi və Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamız 1 qızıl, 3 gümüş və 1 bürünc medalla Vətənə döndü”. Bu barədə SİA-ya Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov məlumat verib.

Yarışlarda tam heyətlə iştirak etdiklərini deyən böyük məşqçi bildirib ki, yarışın ilk günü 5 çəki dərəcəsində 5 idmançıdan 4-ü finala yüksələ bilib: “Bildiyiniz kimi Dünya Güləş Birliyində qaydalar dəyişdiyindən idmançılarımız yeni qaydalar əsasında güləşirdi. Əvvəlki qaydalarda yarış bir gün olurdu. Lakin yeni qaydalara əsasən yarışlar bir gün ərzində finala qədər keçirilir, səhəri gün isə final yarışı baş tutur. İlk yarış günü finala çıxan 4 idmançımızdan 1-i qızıl, 3-ü isə gümüş medal qazandılar. Yarışın ikinci günü güləşçilərimizdən 3-ü üçüncü yer uğrunda mübarizə aparsalar da, nəticədə 1 idmançımız medala layiq görüldü. Komandamız hesabında olan medalların sayına görə, dünya dövlətləri arasında Rusiya və ABŞ-dan az fərqlə geri qalaraq 3-cü oldu”.

Ə.Novruzov qeyd edib ki, Azərbaycan idmançılarının dünya birinciliyində əldə etdiyi nailiyyət ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: “Azərbaycan kiçik dövlət olmasına baxmayaraq yarışın ilk günündə finala çıxan idmançılarının sayının 4 olması dünya güləşinə böyük təsir etmiş oldu. Onlar imkan dairəsində Azərbaycan idmançılarının medal qazanmasına mane olmağa çalışırdılar. İlk gündə Rusiyanın 2, İranın, ABŞ-ın, Yaponiyanın 1 finalçıları var idi. Finalda Azərbaycan idmançılarına qarşı haqsızlıqlar olsa da, komandamızın hesabına qızıl medal yazdıra bildik. Bəzi güləşçilərimizin təcrübəsizliyi son anda qələbənin əldən verilməsinə səbəb oldu. Gələcək yarışlarda bu səhvləri düzəltməyə çalışacağıq”.

Böyük məşqçi əlavə edib ki, 2018-ci ildə Argentinada yeniyetmələrin III Yay Olimpiya Oyunları keçiriləcək: “Hazırda komandamız həmin yarışlara hazırlaşır. İlk növbədə Avropa birinciliyinə hazırlaşıb oradan lisenziyalar qazanmaq, daha sonra dünya birinciliyi və Yay Olimpiya Oyunlarından qızıl medal qazanmaq niyyətindəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə