Dünyanın ən güclü şahmatçısı kim olacaq?

2018-ci il martın 10-dan 28-dək Berlində şahmat üzrə dünya çempionu adı uğrunda iddiaçıların turniri keçiriləcək. 14 dövrədən ibarət turnirdə dünyanın 8 aparıcı qrossmeysteri iştirak edəcək. Turnirin qalibi hazırkı şahmat tacının sahibi norveçli Maqnus Karlsenlə dünya çempionu adı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.

Bundan əvvəlki turnir 2016-cı ilin martında Moskvada keçirilib. Turnirdə qələbə qazanan rusiyalı Sergey Karyakin elə həmin ilin payızında Karlsenlə yarışmada şahmat tacını ona güzəştə gedib.

İddiaçıların Berlin turnirində vitse-çempion dərəcəsində iştirak edən Karyakinlə yanaşı, FIDE-nin ən yüksək reytinqinə malik iki şahmatçı, Qran-Pri seriyasının iki qalibi, həmçinin hazırda Gürcüstanda keçirilən Dünya kubokunun qızıl və gümüş mükafatçıları mübarizə aparacaqlar. Sonuncu iştirakçı isə yarışmanın təşkilatçısı olan “World Chess” şirkəti tərəfindən müəyyən ediləcək.

Turnirin minimal mükafat fondu 420 min avrodur. 2018-ci ildə mükafat fondu turnirə onlayn-bilet satışından daxil olan gəlir hesabına 10 faiz artırılacaq. Biletlər oktyabrın 4-dən satışa çıxarılacaq.

Almaniyanın ənənəvi şahmat ölkəsi olduğunu bildirən Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov deyib: “İkinci dünya çempionu Emanuil Lasker məhz oradandır. Bizim hesabatlara görə, Almaniya əhalisinin 20 faizi şahmatla məşğuldur və ya nə vaxtsa məşğul olub. İdmanın bu növü ölkədə çox populyardır”.

loading...