Möhtəşəm qələbələrin doğulduğu ünvan - DİN İdman Cəmiyyəti

Bir neçə gündən sonra ölkəmizin ali və orta məktəblərində yeni dərs ili başlanacaq. Yay tətilindən sonra tələbələr və şagirdlər tək auditoriya və sinif otaqlarına yox, həm də maraq dairələrinə uyğun müxtəlif dərnəklərə, musiqi, incəsənət bölmələrinə üz tutacaqlar. Bu sırada idman cəmiyyətləri də mühüm yer tutur.

Həmsöhbətim DİN İdman Cəmiyyəti İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracovdur:

- İdman Cəmiyyətinin rəhbərliyi, məşqçi-müəllim heyəti yeni təlim-məşq dövründə idmanla məşğul olmaq istəyənləri qarşılamağa hazırdır. Bütün yaş kateqoriyalarından olan idmansevərlərin seçdikləri idman növü ilə məşğul olması üçün zəruri şərait yaradılıb. Builki təlim dövründə Olimpiya idman növlərinə daxil olan yunan-Roma, sərbəst, cüdo güləşləri, boks, taekvando döyüş növləri, stend və güllə atıcılıqları, gimnastika, akrobatika, atçılıq, basketbol və böyük tennis, qeyri-Olimpiya idman növlərindən isə cui-citsu, kiqboksinq, aykido, karate, kaokuşinkay, sambo, pankration, əlbəyaxa döyüş növləri bölmələri fəaliyyət göstərir. Bu bölmələrin fəaliyyətinin daha da güclənməsi üçün əlavə tədbirlər görülüb, məşqçilərin peşəkarlığının, eləcə də müasir tələblərə uyğun yarış təcrübələrinin artırılması məqsədi ilə zəruri addımlar atılıb. Bu idman bölmələrində sağlam həyat tərzini seçən yeniyetmə və gənclərimizi respublikanın tanınmış məşqçiləri və idmançıları çalışdıracaq, onların seçdikləri sahədə uğurlar qazanması üçün bilgilərini əsirgəməyəcəklər. Sevindirici haldır ki, bu sırada daxili işlər orqanları əməkdaşlarının övladları da ünlü idmançıların yetişdiyi bu qocaman idman məbədinə üz tutur və sevindirici nəticələr əldə edirlər.

Bir qədər əvvəl ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında daxili işlər orqanlarının təmsilçilərinin əldə etdikləri yüksək nəticələr, ölkə və DİN rəhbərliyinin əməyimizə verdiyi layiqli qiymət bizi daha böyük uğurlara ruhlandırır. Qarşıda duran ən mühüm və aktual məsələlərdən biri 2020-ci ildə Tokioda keçiriləcək yay Olimpiya oyunlarına hazırlıq işlərinin daha yüksək sürət və keyfiyyətlə davam etdirilməsidir. Dünya idmançılarının baş məclisində, həmişə olduğu kimi, bu dəfə də DİN İdman Cəmiyyətinin təmsilçilərinin ölkəmizin yığma komandası tərkibində uğurlu çıxışlarını təmin etmək məqsədi ilə əvvəlcədən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, idmançılarımızın ustalığının, fiziki, taktiki hazırlıqlarının artması, əldə olan imkanlardan bacarıqla istifadə edilməsi üçün zəruri işlər görülür. Azərbaycanı Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında layiqincə təmsil etmiş, adı ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılmış əməkdaşlarımızdan Zemfira Meftaxetdinova, Namiq Abdullayev, İradə Aşumova, Mövlud Mirəliyev kimi idmançılarımızın təcrübəsi bugünkü iş prosesində öz müsbət təsirini göstərir. Eləcə də adlı-sanlı məşqçi-müəllimlərimizin dinamik fəaliyyəti sayəsində yeni və daha böyük qələbələrə ümid bəsləyirik.

Xəyalə Məmmədova,

polis leytenantı

Bütün xəbərlər Facebook səhifəmizdə