Akrobatlarımız “Zolotov Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər

Rusiyanın Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Zolotov Cup” adlı beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, ölkəmizi təmsil etmək üçün Rusiyaya yollanan yığma komandamızın üzvləri uğurla çıxış edərək 3 medal qazanıblar. Belə ki, 11-16 yaş qrupunda yer alan kişi cütlüyümüz Murad Rəfiyev-Daniel Abbasovun icra etdikləri kompozisiyaların hakimlər tərəfindən ən yüksək xalla qiymətləndirilməsi (83.400) gimnastlarımızı fəxri kürsünün ilk pilləsinə yüksəldib.

13-19 yaş qrupunda çıxış edən Ruhidil Qurbanlı-Abdulla Əl Məşayxidən ibarət qarışıq cütlüyümüz isə 85.450 xalla yalnız Almaniya komandasından geri qalaraq gümüş medal qazanıblar. Eyni yaş qrupunda olan digər cütlüyümüz Nurcan Cabbarlı-Ağasif Rəhimov isə 4-cü yerdə qərarlaşıblar.

Sonuncu medal sevincini qadın qrupumuz yaşadıb. 12-19 yaş kateqoriyasında çıxış edən təmsilçilərimiz Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlinin çıxışları da gümüş medalla qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə