Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi təyin olundu

"Neftçi” PFK-ya yeni baş məşqçi təyin olunub. SİA-nın məlumatına görə, komandanı Tərlan Əhmədov çalışdıracaq. Onunla mövsümün sonunadək müqavilə bağlanıb. Tərlan Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.

Topaz Premyer Liqasının V turunda sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komanda Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).

Bütün xəbərlər Facebook səhifəmizdə