Qadın şahmatçılarımız Almaniya yığması ilə yoldaşlıq oyunu keçirirlər FOTOLAR

Qadın şahmatçılardan ibarət Azərbaycan komandasının növbəti yarışlara hazırlığı çərçivəsində Azərbaycan Şahmat Federasiyasında beş lövhədə Almaniya yığması ilə yoldaşlıq görüşü keçirilir. SİA-nın məlumatına görə, görüş Sheveningen sistemi üzrə təşkil edilib.

Azərbaycan komandasının heyətində Nərmin Xələfova (2239), Gülnar Məmmədova (2357), Ülviyyə Fətəliyeva (2323), Zeynəb Məmmədyarova (2277) və Xanım Balacayeva (2282), Almaniya komandasının heyətində Elizabet Payeş (2469), Sara Hult (2449), Yelena Levuşkina, Tiyes Heynemann (hər ikisi 2284) və Fiona Siyeber (2277) çıxış edirlər.

Partiya üçün vaxta nəzarət 40 gediş üçün 90 dəqiqə, sonra hər bir iştirakçı üçün partiyanın sonuna qədər 30 dəqiqə üstəgəl birinci gedişdən başlayaraq hər bir gediş üçün əlavə 30 saniyədir.

Görüşün baş hakimi FIDE-nin beynəlxalq dərəcəli hakimi Lütfiyar Rüstəmovdur.

Qeyd edək ki, görüşün birinci günü Azərbaycan şahmatçılarının xeyrinə 4:1 hesabı ilə başa çatıb.

Onu da nəzərinizə çatdıraq ki, komandalar arasında daha dörd görüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə