Azərbaycan taekvandoçuları dünya birinciliyində yarışacaqlar

Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində yeniyetmə taekvandoçuların dünya birinciliyi keçiriləcək. SİA-nın məlumatına görə, sayca üçüncü olan birincilikdə Azərbaycan komandası da iştirak edəcək.

Bu məqsədlə yeniyetmələrdən ibarət milli yığma komandamız Misirə yollanıb. Avqustun 24-də başlayacaq yarış dörd gün davam edəcək.

Doqquz idmançı ilə mundialda təmsil olunacaq komandamızın heyətində oğlanlardan Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Yaşar Məmmədli (45 kq), Nihad Abbasov (49 kq) və Pərviz İskəndərov (53 kq) yer alıb.

Qızlardan isə Aydan Əliyeva (44 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) mübarizəyə qatılacaq.

Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə dünya birinciliyində iştirak edəcək komandamız avqustun 29-da vətənə qayıdacaq.

Yarışda hakimlər qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Elşad Məmmədov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə