“Qəbələ” “İnter”ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində Bakı “İnter”i komandası öz meydanında “Qəbələ” ilə qarşılaşıb. Baş hakim Ömər Paşayevin idarə etdiyi matçda “Qəbələ” rəqibinə 2:1 hesabı ilə qalib gələrək bu mövsüm ilk üç xalını qazanıb.

“İnter Arena”da keçirilən görüşün 13-cü dəqiqəsində Elvin Məmmədov hesabı açıb. Bundan 11 dəqiqə sonra Filip Ozobiç penalti zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin 70-ci dəqiqədə “İnter” hesab arasındakı fərqi azaldıb. Topu qəbələlilərin qapısından Pərdis Fərcad-Azad keçirib. Matçın qalan hissəsində başqa qol olmayıb.

Qeyd edək ki, Premyer Liqanın digər oyunu avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Səbail” komandaları arasında keçiriləcək. Görüş saat 19:00-da başlayacaq. İlk tura həmin gün saat 21:00-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Kəpəz” (Gəncə) matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə