Beynəlxalq turnirin qalibləri bəlli olub FOTO

Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarışda I yerə layiq görülüb. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Xəzər Babazadə İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 8,5 xal toplayıb.

Turnirdə Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla II, Naxçıvan məktəblisi Seyid Hüseyn 7 xalla III yeri tutub.

Yarışın sonunda Xəzər Babazadəyə kubok və medal, digər 2 şahmatçıya medal təqdim olunub.

Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 3 qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.

loading...