Daxili İşlər Nazirliyinin əməkdaşları arasında sambo yarışı keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları arasında sambo üzrə birincilik keçirilib. DİN-in mətbuat xidmətinin məlumatına görə, nazirliyin İdman Cəmiyyətində keçirilən yarışa 10 komandanı təmsil edən 80 idmançı qatılıb.

Turnirin açılışında çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftahətdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının uğurla davam etdiyini, bunun nəticəsində Azərbaycan idmançılarının dünyada ən güclülər sırasında olduğunu bildirib. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında əldə edilən uğurların əsasında məhz Azərbaycan dövlətinin idmanın inkişafına, yetişməkdə olan gənc nəslin sağlam böyüməsinə göstərdiyi diqqət və qayğının dayandığı xüsusi vurğulanıb.

Yarışda iştirakçılardan Kamal Məmmədov (62 kiloqram), Anar Səfərli (68 kiloqram), Yusif Bayramov (74 kiloqram), Əli Bayramov (82 kiloqram), Azər Fətullayev (90 kiloqram), Vüsal Şəfiyev (100 kiloqram) və Elvin Ramazanov (100 kiloqramdan yuxarı) çəki dərəcəsində yarışın qalibi olublar. Ümumi komanda hesabında DİN Daxili Qoşunlarının hərbi qulluqçuları baş mükafata sahib olublar. Əlahiddə Çevik Polis Alayının komandası ikinci, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları üçüncü yeri tutublar.

Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov idmançı əməkdaşların yüksək fiziki hazırlıq, çeviklik, əlbəyaxa döyüşə xas texniki imkanlar nümayiş etdirdiklərini bildirib. Yarışları Mais Məmmədov idarə edib.

loading...