Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib

İyunun 25-də Formula 1 üzrə dünya çempionatının səkkizinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azadlıq meydanında karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilib.

Formula 1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur. Ötən gün keçirilən sıralanma turundan sonra Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib. Həlledici mərhələnin start düzülüşü aşağıdakı kimidir:

Luis Hemilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykkonen, Sebastian Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force India”), Lans Stroll, Felipe Massa (“Williams”), Daniel Rikkardo (“Red Bull Racing”), Daniil Kvayt (Toro Rosso”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlayn (“Sauber”), Karlos Sains (“Toro Rosso”), Romen Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandorn ( “McLaren”), Fernando Alonso (“McLaren”) və Colyon Palmer (“Renault”).

İl ərzində keçirilən yeddi Qran-Prinin üçündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn “Ferrari”nin almaniyalı pilotu Sebastian Fettelin 141 xalı var. Yeddinci - Kanada Qran-Prisində aktivinə 25 xal əlavə edən Luis Hamilton liderlə aradakı fərqi bir qədər azaldıb. O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Çin, İspaniya və Kanada Qran-Prilərində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı, Rusiya Qran-Prisinin qalibi Valtteri Bottas isə 93 xalla üçüncü sıradadır.

Bütün xəbərlər Facebook səhifəmizdə