Bakıda Formula 2 üzrə ikinci yarışın qalibi müəyyənləşdi FOTO

Bakıda Formula 2 üzrə ikinci yarışa (8-ci mərhələ) yekun vurulub. SİA-nın məlumatına görə, “Pertamina Arden” komandasının fansalı pilotu Norman Nato 40 dəqiqə 37,601 saniyə nəticə ilə yarışın qalibi olub.

Birinci yarışda ilk pillədə qərarlaşan“PREMA Racing” komandasının monakolu pilotu Şarl Lekler ikinci (40 dəqiqə, 46,318 saniyə), DAMS-ın pilotu Nikolas Latifi isə üçüncü (40 dəqiqə, 49,175 saniyə) nəticə göstərib.

Qaliblərə kubokları Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli təqdim ediblər.

Qeyd edək ki, dünən keçirilən birinci yarışı “PREMA Racing” komandasının pilotu Şarl Lekler birinci, “Rapax” komandasının pilotu Nik de Vris ikinci, DAMS-ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurub.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparıb. Hər komandanı iki pilot təmsil edib. Dünənki birinci yarışdan fərqli olaraq bu dəfəki yarış qrid düzülüşü üzrə təşkil olunub. Yürüş 12 dövrə və ya 45 dəqiqə davam edib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə