“Williams”ın pilotu: “Bakıda gözəl həftəsonu keçiririk” AÇIQLAMA

“Bakıda gözəl həftəsonu keçiririk. Birinci sərbəst yürüşlərdən etibarən özümə güvənirdim. Tras, balans, hər şey yaxşı idi. Bu gün əla gündür”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Formula 1 Azərbaycan Qran-Prisində mübarizə aparan “Williams” komandasının debütant pilotu Ləns Stroll sıralanma turundan sonra deyib.

O qeyd edib ki, sıralanma turunun son sessiyasında əvvəlki sessiyaya nisbətən vaxt itirib: “Çünki trasın temperaturu aşağı düşdü. Qızdırma dövrəsində təkərləri işçi temperaturuna çatdıra bilmədim və dövrəmə pis təsir etdi. Komandada hər şeyi birlikdə danışırıq və doğru qərarlar alırıq. Formula1-də yenisinizsə, bütün çempionatlarda olduğu kimi, sizin üçün nəyin yaxşı olduğunu anlamalısınız. Bəzən yaxşı nəticə üçün həftələr lazım olur. Bunlar hər yerdə ola biləcək şeylərdir. Hələ 8-ci yarışdayıq və ümid edirəm ki, uzunmüddətli layihənin içində olaram. Bugünkü nəticələrə görə sevincliyəm. Amma əsas yarış sabahdır (bu gün) və xalları orada qazanmaq lazımdır. Lakin yenə də xoşbəxtəm”.

Qeyd edək ki, Ləns Stroll Azərbaycandakı sıralanma turunda 8-ci olaraq, 9-cu yerdə qərarlaşan komanda yoldaşı Felipe Massanı Formula1 karyerasında ilk dəfə qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə