YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi

Bu gün, 23 dekabrda keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda ilk dəfə səs verəcək gənclərlə “Xalq üçün” şüarı altında görüş keçirildi. SİA-nın verdiyi məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Səbail rayonu üzrə Səbail, Badamdar, Bibi-heybət bələdiyyələrinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin qərargah üzvləri və 200-ə yaxın ilk dəfə səs verəcək gənclər iştirak etdilər.

Çıxış edən Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev bu il ilk dəfə səsverəcək olan gəncləri təbrik edərək qeyd etdi ki, hər bir müasir demokratik dövlətin siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən seçkilərdə ilk dəfə iştirak etmək və öz siyasi iradəsini nümayiş etdirmək imkanı əldə etmək hər bir gəncin həyatında unudulmaz tarixi hadisədir.

Millət vəkili ölkəmizdəki dövlət gənclər siyasəti, gənclərimiz üçün yaradılmış təhsil və karyera imkanları, çoxsaylı təqaüd proqramları, eləcə də 2018-ci ildən etibarən cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli islahatlar, gənclərə geniş fəaliyyət meydanı verilməsi, ölkə başçısı tərəfindən gənclərə göstərilən yüksək etimad və gənclərin cəmiyyətdəki rolunu və məsuliyyətini artıran mühüm qərarlar barədə məlumat verərək bildirdi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı ilbəil artır, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün genişlənir. Gənclər siyasəti İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu yüksək diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə gənclərin rolu artır, yüksək potensiallı Azərbaycan gəncləri cəmiyyət həyatımızın bütün sahələrində, idarəetmə strukturlarının bütün pillələrində layiqincə təmsil olunur və adekvat işlər görürlər.

Ölkəmizdə bələdiyyə institutunun formalaşması, inkişafı, başlıca məqsədləri və fəaliyyət mexanizmləri haqqında gənclərə ətraflı məlumat verən Ş.Hacıyev bildirdiki, yerli özünüidarəetmə institutu olan bələdiyyələrə keçirilən seçkilər ictimai-siyasi fəaliyyətdə maraqlı olan və bacarığını, ideyalarını nümayiş etdirmək istəyən gənclərimiz üçün əvəzolunmaz fürsətdir. Vurğulandı ki, 23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər, əsasən yüksək intellektli, kreativ düşüncəli, bacarıqlı gənclər irəli sürülmüşdür, çünki gənclər inkişaf və yeni ideyalar deməkdir.

Ş.Hacıyev gəncləri Azərbaycanı gələcəkdə daha böyük uğurlara aparan Ulu Öndər Heydər Əliyev yolunu, möhtərəm Prezidentimizin uğurlu siyasətini davam etdirməyə, Liderimiz ətrafında sıx birləşməyə, seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı olması üçün 23 dekabr tarixində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Gəncləri seçkilərdə maksimum fəal olmağa çağıran YAP Gənclər Birliyinin sədri Seymur Orucov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışdı və qeyd etdi ki, bu gün gənclərə böyük etimad göstərilir. Vurğulandı ki, ölkəmizdə bələdiyyə institutunun inkişafında və bu sahədə görülən işlərdə gənclərin böyük rolu vardır.

Görüşdə Bibi-heybət bələdiyyəsinə seçkilərdə iştirak edən namizədlər – Məmmədov Elmar Eldar oğlu, Ələkbərova Nərgiz Yavər qızı, Sadıqov Rəşad Əsəd oğlu, Mustafayev Nəcəf Rasim oğlu, Səbail bələdiyyəsinə seçkilərdə iştirak edən namizədlər – Aslanov Səmədağa Seyidaslan oğlu, Allahyarlı Nihad Vüqar oğlu, Yusubov Cavid Rövşən oğlu, YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Fidan Abbasova və Qərbi Kaspi Universitetinin I kurs tələbəsi Elnur Məhəmmədli çıxış etdilər. Bütün natiqlər Səbail rayonu gənclərinin hər zaman bütün ictimai-siyasi proseslərdə öncül rolunu qeyd edərək əminliklərini ifadə etdilər ki, Yeni Azərbaycan Partiyası indiyədək bütün seçkilərdə olduğu kimi bu Bələdiyyə seçkilərində də növbəti möhtəşəm qələbəsini qazanacaqdır.

Yüksək əhval ruhiyyə ilə keçən tədbirdə Səbailli gənclər yekdilliklə ən layiqli namizədlər olan Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə