DSX-nın 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib

Bu gün Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. SİA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

General-polkovnik Məhərrəm Əliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər, Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlar haqqında müşavirə iştirakçıları qarşısında çıxış edib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2020-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

2019-cu ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi işinin təşkilinə başlanılması, döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yanvar ayının 10-da DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış “Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infra-strukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyun ayının 18-də DSX hərbi qulluqçularının və mülki işçilərinin pul təminatının vəzifə maaşlarının 40% həcmində artırılması barədə qərar qəbul etməsi, avqust ayının 16-da Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə DSX-nin şəxsi heyətinə müraciət ünvanlaması və DSX-nin xidməti-döyüş fəaliyyətinə yüksək qiymət verməsi, DSX-nin 6 zabitini ali hərbi rütbələrə, DSX əməkdaşlarını 13 orden, 73 medal, 7 fəxri adla təltif etməsi, Azərbaycan sərhədçisinə ali qayğının nümunəsi olaraq DSX-nin zabitləri üçün Bakı şəhərində 25 mənzilin ayrılması bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
2019-cu ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

- Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülmüş, Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlamışdır. Hesabat dövründə bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunmuş, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 km məsafədə qoruyucu val sədləri və 92 km məsafədə yollar salınmış, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilmiş, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilmişdir.

- mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanmış, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunmuşdur.

- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilmişdir;

- xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxlanılmış, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir;

- Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi və Dahi Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə:
- “Vətənə xidmət andımız, amalımızdır” şüarı altında 5 km 100 metr uzunluğunda dövlət bayrağı ilə 5000 sərhədçi yürüş etmişdir.
- Bakı şəhərində Milli Parkda “Azərbaycan Sərhəd Mühafuzəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri rəşkil olunmuş, Azərbaycan tarixində ilk dəfə olaraq bu cür formatda təşkil olunan tədbir ictimaiyyət tərəfindən böyük marala qarşılanmış və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə ciddi töhfə olmuşdur.
- Dövlət Sərhəd Xidmətinin aparatının inzibati binasında “Siyasi repressiya qurbanları Muzeyi” yaradılmışdır.

- dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanılmışdır.

- 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər gizli şəkildə dövlət sərhədindən buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmışdır.

- 96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.

- geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilmiş, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunmuş, şəxsi heyət tərəfiindən böyük döyüş məha¬rəti nümayiş etdirilmişdir.

- sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunmudur.

- dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 148 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilmişdir.

- Dövlət Sərhəd Xidməti tərəfindən 2002-ci ildən etibarən tətbiq olunan sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilmiş, hesabat dövründə bu cür 109 görüş keçirilmişdir.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını və vəzifə borclarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə