“Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib FOTOLAR

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, komitə sədrinin müavini qonaqlara ölkəmizdəki nümunəvi tolerant və multikultural mühit barədə məlumat verərək bildirib ki, Azərbaycan əhalisinin çox hissəsini müsəlmanların təşkil etməsinə baxmayaraq, digər dinlərin nümayəndələrinə qarşı hər zaman öz humanist mövqeyi ilə seçilib.

Heç bir dinin insanları qarşıdurmaya çağırmadığını vurğulayan S.Heydərov dövlətin başlıca vəzifəsinin İslam dini mənsubları arasında harmoniya və vəhdətin qorunması istiqamətində çalışmaqla yanaşı, başqa dinlərin mənsublarına da eyni şəraitin yaradılmasından ibarət olduğunu deyib. O qeyd edib ki, yalnız bu halda dünyada sabitliyi və balansı qoruyub saxlamaq, bəşəri dəyərlər sistemini mükəmməl formaya gətirib çıxarmaq olar.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Azərbaycandakı mövcud qanunvericilik bazası da vətəndaşların bu sahədəki hüquqlarını tam şəkildə qoruyur. O, ölkəmizdə dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini bildirib.

Səyavuş Heydərov diqqətə çatdırıb ki, ölkəmizdəki dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradılıb, dini konfessiya nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur.

Ölkəmizə yenidən səfərindən məmnunluğunu ifadə edən “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. T.Breys son illərdə ölkəmizdə “Yehovanın şahidləri” dini icmasının üzvlərinin normal fəaliyyətinin təmin olunması, xüsusi ayinlərin icrası və dini bayramlarının qeyd olunması üçün yaradılan şəraitə görə razılığını ifadə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə