Heydər Əliyev: Zaman, Şəxsiyyət və əbədiyyət...

Belə bir reallıq var: böyük siyasət - zamanın fövqünə qalxa bilən və onu ifadə edən, cəmiyyəti istiqamətləndirən siyasətdir. Eyni zamanda, şəxsiyyət və zaman münasibətlərində də şəxsiyyət ağırlıq təşkil etdikdə, zaman irəli gedir. Şəxsiyyət zamanı idarə etməyi, qabaqlamağı, irəli aparmağı bacardıqda isə, tarixi şəxsiyyətə çevrilir. Belə tarixi məqamlarda şəxsiyyət zamanı yaradır və ona öz damğasını vurur.

Ulu Öndər Heydər Əliyev böyük zəka və iradə ilə zamanı, nəinki idarə etmiş, qabaqlamış hətta irəli aparmışdır. Sözün əsl mənasında, Heydər Əliyevin simasında şəxsiyyətin miqyası mövcud cəmiyyətin səviyyəsindən yuxarıda dayanmış və onun inkişaf yollarına işıq salmışdır.

Tarixi mərhələdə tarixi addım

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür.

Birinci mərhələni əhatə edən 1969-1982-ci illər Azərbaycan tarixinin qızıl dövrü hesab edilir. Bu tarixi mərhələdə Azərbaycan keçmiş Sovetlər İttifaqında geridə qalmış bir respublikadan inkişaf etmiş ölkə səviyyəsinə yüksəldilmişdir. İqtisadiyyatın bütün sahələri üzrə göstəricilər rekord həddə çatdırılmış və xalqın yaşayış səviyyəsi köklü surətdə dəyişmişdir. Lakin iqtisadi göstəricilər əsas olsa da və digər istiqamətlərdə olan inkişaf üçün stimullaşdırıcı faktor funksiyası daşısa da, "qızıl dövr" - milli intibah mərhələsi üçün tam yetərli deyildir. Bunun üçün mütləq cəmiyyətin hərtərəfli inkişafı və harmoniyası baş verməli, xüsusən, elmi-ədəbi-mədəni gedişat və milli-mənəvi özünüdərk prosesləri dərinləşməli və zamanın miqyası səviyyəsinə çatdırılmalıdır.

Məhz görkəmli dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Respublikasında qazanılan iqtisadi göstəricilərdən daha yüksək səviyyədə xalqın milli-mənəvi intibahını formalaşdırmağa nail olmuşdur. Bu dövrdə Azərbaycan elminin, ədəbiyyatının və mədəniyyətinin canlı klassikləri formalaşmış, keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da şöhrət qazanmışdır. Azərbaycan Milli Elmlər Akademiyası inkişaf etdirilmiş və əldə etdiyi mühüm nailiyyətlərə görə, 1975-ci ildə "Xalqlar dostluğu" ordeninə layiq görülmüşdür. Azərbaycan Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı və Rəssamlar İttifaqı nüfuzlu yaradıcılıq təşkilatları səviyyəsinə qaldırılmışdır. Bir sözlə, 1969-1982-ci illərdə Azərbaycanda elm, ədəbiyyat və mədəniyyət sahəsinin müvəffəqiyyətləri ilə iqtisadiyyat sahəsindəki yüksək nailiyyətlər biri digərini tamamlamışdır. Daha dəqiq qiymətləndirməli olsaq, respublikada elm, ədəbiyyat və incəsənət istiqamətində qazanılan müvəffəqiyyətlər Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olmuşdur. Çünki Sovet hakimiyyəti illərində, istər-istəməz, yüksək iqtisadi göstəricilərin bir hissəsi İttifaq büdcəsinə getdiyi halda, ədəbi-mədəni və elmi sərvətlər, bütövlükdə, mənsub olduğu xalqın mənəvi xəzinəsinin zənginləşdirilməsinə xidmət etmişdir.

Azərbaycan dili milli-mənəvi sərvətimizdir!

Dahi Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunda yer alması kimi parlaq hadisələr xalqda milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsinə və milli iftixar hissinin qiymətləndirilməsinə səbəb olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin dövrün superdövləti olan SSRİ rəhbərliyində yüksək vəzifə tutması, böyük nüfuz qazanması, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü səviyyəsində fəaliyyət göstərməsi, sözün əsl mənasında, xalqımızın qürur mənbəyinə çevrilən hadisələr olmuşdur.

Azərbaycanlı gənclərin Sovetlər İttifaqının ən qabaqcıl ali məktəblərində çoxlu sayda təhsil almalarının təmin edilməsi, milli intibah baxımından, bir neçə məsələnin həllində mühüm rol oynamışdır. İlk növbədə, Azərbaycan Respublikasına gənc və yüksək ixtisaslı mütəxəssislərin böyük enerjisi daxil olmuşdur. Keçmiş Sovet respublikalarında fərqli dilləri və mədəniyyətləri mənimsəmiş bu nəsil Azərbaycanda geniş dünyagörüşünün, fərqli yaradıcı baxışların əsasında formalaşmış yeni təfəkkürün inkişaf etdirilməsinə ciddi təsir göstərmişdir. Möhkəm milli təfəkkürün fərqli baxışlarla sintezi Azərbaycan insanının mənəvi dəyərləri qoruyub-saxlamaq və daha da möhkəmləndirmək şərti ilə həm də həyata, proseslərə, inkişafa yeni gözlə baxmasını, ölkənin böyük gələcəyinin qurulmasında daha yaxından və fəal surətdə iştirak etməsini şərtləndirmişdir. Xüsusən, mühəndis-texniki, kənd təsərrüfatı, fizika-riyaziyyat və informatika, avtomatlaşdırma və telemexanika ixtisasları üzrə ölkəyə qayıtmış gənc mütəxəssislərin gətirdiyi enerji respublikamızda yeni sənaye müəssisələrinin və aqrar sahənin qurulmasına, elmi-texniki tərəqqinin inkişafına böyük imkanlar açmışdır.

Heydər Əliyev missiyasının nəhəng addımı

XX əsrin yetmiş-səksəninci illərinin "qızıl dövrü" çoxəsrlik Azərbaycan tarixinin xüsusi, özəl səhifələrinə çevrilmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə yeni dövr Azərbaycan tarixinin qızıl səhifələri yazılmışdır. Həmin dövrün ədəbiyyatının "Biz elə ucaldıq, elə ucaldıq, Siyasi Bürodan gəldi səsimiz" kimi poetik qənaətləri xalqın cəmiyyətə açılmış qanadlarına dəstək vermişdir. Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikasında milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsi və genişləndirilməsindən doğan reallıq milli iftixar hissinin daha da yüksəlməsinə lazımi şərait yaratmışdır. Deməli, Heydər Əliyevin simasında həqiqətən və şəxsiyyət zamanı irəli aparmış, onu daha böyük gələcəyə doğru istiqamətləndirmişdir. Bu məqamda, şəxsiyyət, onun qüdrəti və miqyası ölkəni irəli aparan ən böyük güc və qüvvət səviyyəsində dayanmış, əsas hərəkətverici qüvvə funksiyasını həyata keçirmişdir. Azərbaycan xalqının tarixində ən keşməkeşli dövrlərdən olan birinci mərhələ ilə ikinci mərhələ arasındakı 1983-1993-cü illəri əhatə edən aralıq dövr də, əslində, Heydər Əliyevin adı ilə üzvi surətdə əlaqədardır. Birincisi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul və mühüm bir vəzifədə çalışdığı illərdə Heydər Əliyev Sovet dövlətinin əsas rəhbərlərindən biri kimi Azərbaycan Respublikasına İttifaq büdcəsindən daha çox vəsait ayrılmasına nail olmağı bacarmışdır.

Bundan başqa, Heydər Əliyevin sayəsində SSRİ nazirlikləri Azərbaycandakı həmkarlarına əlavə qapılar açmış, öz köməklərini əsirgəməmişlər. Eyni zamanda, əvvəllər hər hansı məsələni keçmiş İttifaq dövləti səviyyəsində həll etmək üçün aylarla Rusiya paytaxtına gedib-gəlməli olan Azərbaycan nazirliklərinin rəhbərləri Heydər Əliyevin Kremldəki mövqeyinin və nüfuzunun işığında bütün problemlərin ən qısa vaxtda və lazım olan səviyyədə həllinə nail olmuşlar.

İkincisi, Heydər Əliyev 1990-1993-cü illərdə Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi Naxçıvanda yaşayarkən və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edərkən, ölkəmizin bu tarixi ərazilərinin qorunub-saxlanılmasını təmin etməklə, əslində, geniş mənada, çətin şəraitdə vətənə, ölkəyə və xalqa xidmət göstərmişdir. Bu mərhələdə də Heydər Əliyevin simasında şəxsiyyət faktoru zaman amilinə qalib gəlmişdir. Çətin blokada vəziyyətinə salınmış, Azərbaycanın paytaxtı ilə yalnız hava yolundan başqa daha heç bir əlaqəsi qalmamış, Ermənistan tərəfdən gələn elektrik enerjisi, qaz xətləri də kəsilmiş Naxçıvan Muxtar Respublikasında yaşamış Heydər Əliyevin bu regionun taleyindəki əvəzsiz rolunu və xidmətlərini heç nə ilə müqayisə etmək olmaz. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin dünyada qəbul olunan adı, parlaq şəxsiyyəti və böyük nüfuzu Naxçıvan Muxtar Respublikasının xilasında misilsiz rol oynamışdır.

Müqəddəs bayrağımızın tarixi yüksəlişi - Naxçıvandan başlanan zəfər yolu

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikası ali sovetlərinin deputatı seçilmiş Heydər Əliyevin 17 noyabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün üçrəngli bayrağını Azərbaycanın dövlət bayrağı kimi qəbul etdirən qərarlar çıxarmağa nail olması zamanına görə təkrarsız qəhrəmanlıqdır. Hələ Sovetlər İttifaqının yıxılmasından on bir ay əvvəl SSRİ-nin dövlətçilik atributlarından rəsmi şəkildə imtina edilməsi və əvəzində, həmin derjavanın düşmən elan etdiyi Azərbaycan Xalq Cünhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul olunması bu superdövlətin dağılmağa başlamasının start nöqtəsi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında regionda Milli Ordunun yaradılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəyyən olunması, 1990-cı ilin Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi və nəhayət, SSRİ-nin saxlanıb-saxlanılmaması haqqında referendumda muxtar respublikanın iştirak etməməsi haqqında qəbul edilmiş qərarlar ümumölkə miqyaslı ictimai-siyasi hadisələr olub, həm Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqında milli-azadlıq hərəkatının genişlənməsinə və qələbəsinin təmin edilməsinə, ölkəmizdə müstəqil dövlətin qurulub- möhkəmləndirilməsinə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük xidmətləridir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər şəxsiyyət və dövlət münasibətlərinin geniş imkanlarını və böyük əhəmiyyətini tam mənası ilə meydana qoymuşdur. Müstəqilliyin başlanğıc illərinin böyük çətinliklərini yaşamış, hakimiyyətdə olan "siyasilər"in səbatsızlığı ucbatından torpaqlarını itirmiş Azərbaycan xalqı 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtmış Heydər Əliyevin böyük sınaqlardan çıxmış əzəmətli şəxsiyyəti ətrafında sıx və möhkəm surətdə birləşmişdir. Dövlət və xalq birliyi, Ulu Öndərin şəxsiyyətinə sonsuz inam və böyük ehtiram müstəqil Azərbaycan dövlətinin bir çox taleyüklü məsələlərinin həll edilməsində əvəzsiz rol oynamışdır.

Heydər Əliyevin dönməz dövlətçilik mövqeyi, şəxsiyyətindəki qətiyyət, uzaqgörənlik və zəngin təcrübəsi Onun gənc Azərbaycan Respublikasında xilaskarlıq missiyasını uğurla həyata keçirməsinə imkan yaratmışdır. Xalqın Heydər Əliyevin şəxsiyyətinə və siyasətinə sonsuz inamı dövlət başçısının çağırışlarının bütün ölkə boyu hər yerdə geniş əks-səda tapması və dönmədən yerinə yetirilməsi ilə nəticələnmişdir. Müstəqilliyin başlanğıc illərində ayrı-ayrı məkrli qüvvələr tərəfindən törədilmiş dövlət çevrilişi cəhdləri zamanı dövlət başçısı Heydər Əliyevin müraciətinə, bütünlüklə qoşulan Azərbaycan xalqı, sözün əsl mənasında, şəxsiyyətin ətrafında birlik və mütəşəkkillik nümayiş etdirmişdir.

"Xalq-Heydər!" vəhdəti

Məşhur "Xalq Heydər söyləyəcək, Heydər xalqım deyəcək" mahnısı Azərbaycan xalqının dahi rəhbərin şəxsiyyətinə və fəaliyyətinə sonsuz ehtiramının əks-sədası kimi meydana çıxmışdır.

Belə ki, 1994-cü ildə Bakı şəhərində məşhur "Əsrin müqaviləsi" imzalanarkən, xarici səmayədarların Azərbaycan Respublikasının rəhbərinə olan dərin inamı həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilişinə başlanarkən də, Heydər Əliyev faktoru əsas amil olmuşdur. Çünki həmin dövrdə Azərbaycanda hələ sabitlik tam bərqərar olmamış, iqtisadi vəziyyətdəki böhran aradan qaldırılmışdı. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi bütün mümkün təhlükələrdən xilas etmiş, ölkədə ictimai-siyasi sabitlik yaratmış və gələcək böyük inkişafın möhkəm təməllərini formalaşdırmışdır. Onun, müstəqil Azərbaycana rəhbərlik etdiyi on il ərzində, Azərbaycan normal inkişaf templərinə malik olan və dünyada öz sözü ilə seçilən müstəqil bir dövlət kimi qəbul olunmuşdur. Beləliklə, Heydər Əliyev 1969-cu ildən başlanan və müstəqillik illərində uğurla davam edən böyük və şanlı bir epoxa yaratmışdır. Heydər Əliyev epoxası Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir.

Bu gün bu siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yorulmaz və məqsədyönlü fəaliyyəti ilə böyük sürətlə və hərtərəfli şəkildə inkişaf edən müstəqil dövlətimizin, xalqımızın inkişaf yollarına yeni, parlaq və qiymətli səhifələr əlavə edir.

Nəticədə, bu gün Azərbaycan Respublikası bütün istiqamətlər üzrə inkişaf edib, yeniləşir. İndi, inkişaf baxımından, Azərbaycan Respublikasının regionları ilə ölkəmizin paytaxtı arasında fərq aradan qalxmışdır. Aparılan düzgün siyasət sayəsində, artıq iqtisadiyyatın bütün sahələrində - həm aqrar sahə, həm də sənaye üzrə böyük inkişaf göstəriciləri əldə olunmuşdur.

Davos Forumu, Dünya Bankı kimi ciddi beynəlxalq təşkilatlar Azərbaycanı müasir mərhələdə ən rəqabətədavamlı ölkələrdən biri hesab edirlər. Bu, Prezident İlham Əliyevin müstəqil Azərbaycana qazandırdığı mühüm nailiyyətdir. Xalqından qüvvət alan, ölkəsinin və dünyanın gələcək inkişaf yollarını aydın surətdə görən və millətini böyük gələcəyə doğru səfərbər edən Prezident İlham Əliyev müstəqil Azərbaycanı düşünülmüş şəkildə və uğurla zamandan-zamana aparır.

İlham Əliyevin müəyyən etdiyi Heydər Əliyev yolu - müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı və mahir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətini yeni və daha geniş magistrallara çıxarmağa uğurla xidmət edir.

İSA HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə