"Tarix və müasirlik" mövzusunda seminar keçirilib

Dekabrın 10-11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin (İH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan Rayon İH-nin başçısı Şahin Məmmədov rayondakı mövcud dini durum, dini icmaların və din xadimlərinin fəaliyyətləri barədə məlumat verib. Eyni zamanda, natiq çıxışında dini radikalizm və ekstremizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində cəmiyyətin üzərinə düşən vəzifələrdən bəhs edib.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət-din siyasəti nəticəsində respublikamızda din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilir, həmçinin Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulub və dindarlara, dini icmalara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. “Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda dövlət-din münasibətlərinin əsasını təşkil edir. Dövlət başçısı mütəmadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edir və dövlət tərəfindən dini ibadət yerləri təmir-bərpa olunaraq inanclı insanların istifadəsinə verilir”-, deyə sədr müavini əlavə edib.

Səyyad Salahlı təəssüflə qeyd edib ki, bəzi radikal qruplar ölkədə süni gərginlik yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı qanunvericilik çərçivəsində həmişə qətiyyətlə alınıb və bundan sonra da alınacaqdır.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov və başqaları çıxış edərək ölkəmizdə dini radikalizmə qarşı mübarizə tədbirlərinin əhəmiyyətindən danışıblar.

Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Üfüqdəki gələcək” filminin də nümayiş etdirildiyi ikigünlük seminar-müşavirə tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə