YAP-ın "Xalq üçün" devizi ilə seçki təbliğatı uğurla davam edir

SABUNÇU

Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.

M.Abasquliyeva çıxışında Azərbaycanda, ötən dövr ərzində, bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun əvəzsiz olduğunu qeyd edib. Rayon təşkilatının sədri qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.

YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov, Sosial İqtisad Kolleci ərazi ilk partiya təşkilatının sədri Natiq Musayev çıxış edərək, respublikamızda dövlət-qadın siyasəti haqqında danışaraq, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də qadın namizədlərin sayının kifayət qədər çox olduğunu bildirərək, hamılıqla seçkilərdə fəal olmağa çağırıblar.

Görüşdə bələdiyyə üzvlüyünə namizədlər də Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıblar və xalqımızın bu seçkilərdə də partiyamızın namizədlərini dəstəkləyəcəyinə əmin olduqlarını qeyd ediblər.

XAÇMAZ

YAP Xaçmaz rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat kampaniyası çərçivəsinndə Yergüc, Hacıəlibəy kənd seçiciləri ilə görüş keçirildi. Görüşü YAP Xaçmaz rayon təşkilatının sədr müavini, qərargah üzvü Abasyar Heydərov açaraq, Bələdiyyələr və Bələdiyyə seçkiləri haqqında geniş məlumat verdi. ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, ölkəmizin bugünkü inkişafı və gələcək hədəfləri haqqında seçiciləri məlumatlandırdı.

Tədbirdə qərargah üzvü Fazil Rəhmətov, Sürayə Əmirova, seçicilərdən Məkan Ağayev, Abdulla Şükürov və başqaları çıxış edərək, Bələdiyyə seçkilərində daha fəal iştirak edəcəklərini bildirməklə, partiyanın qələbəsini təmin etməyə çalışacaqlarını bildirdilər.

MASALLI

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı YAP Seçki Qərargahının Masallı rayon şöbəsi seçicilərlə növbəti görüşü rayon təşkilatının inzibati binasında keçirilib. Görüşü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, mahiyyət etibarilə 2019-cu il Azərbaycanda hərtərəfli islahatlar ili olub: "YAP-ın müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətləri olub. YAP ötən dövr ərzində sübut edib ki, partiyamız ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır. Əminik ki, "Xalq üçün" devizi ilə getdiyimiz bu bələdiyyə seçkilərində də xalqımız YAP namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaqdır". S.Əliyev seçiciləri səsvermə günü seçki məntəqələrinə gəlməyə və fəal iştirak etməyə dəvət edib.

Görüşdə çıxış edən Əntiqə Tağıyeva, Nahid Rəhimov, Elmar Məcidli və başqaları ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi, vətəndaşa göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini və seçkilərdə iştirak edərək, YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

DAŞKƏSƏN

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Daşkəsən rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Quşçu kəndində görüş keçirib. YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin sədri Kənan Bayramov, rayon şöbəsinin seçki qərargahının üzvü Mübariz Mürsəlov və başqaları çıxış edərək, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də fəallıq göstərəcəklərini bildiriblər.

ASTARA

YAP Astara rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Şüvi kənd seçiciləri ilə olub. YAP-ın Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxış edərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb. F.Əhmədov müasir müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının cəmiyyətin demokratikləşməsindəki müstəsna yeri və rolu, ölkəmizdə keçirilmiş bütün seçkilərdə qazandığı parlaq qələbələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmizin əldə etdiyi misilsiz siyasi, iqtisadi, sosial, mədəni nailiyyətlər, əhalinin sosial rifahının daha da yüksəldilməsi məqsədilə icra olunan sosial layihələr, ölkəmizdə yerli özünüidarəetmə strukturları olan bələdiyyə institutunun inkişafı və fəaliyyət mexanizmi üçün yaradılmış zəruri qanunvericilik bazası, xüsusilə, son dövrdə bələdiyyələrin maliyyə mənbələrində yaradılmış yeni imkanlar və bələdiyyələrlə bağlı görüləcək işlər haqqında seçicilərə ətraflı məlumat verib.

Sonda rayon təşkilatının sədri bütün seçiciləri 23 dekabr 2019-cu il tarixdə seçki məntəqələrinə dəvət edərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə Şüvi kənd sakinləri Mail Muradov, Zikrulla Salayev, Manaf Baxşıyev, Elsever Əskərov çıxış edərək, seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

BALAKƏN

YAP Balakən rayon təşkilatı Seçki Qərargahının üzvləri rayonun mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə Balakən rayon seçki qərargahının üzvü Ömər Osmanov, qərargah üzvləri Rəşid Musayev, Xəlifə Mirəliyev çıxış edərək, 23 dekabrda hər bir seçicinin seçki məntəqələrinə gəlməyi, daha layiq namizədlərə səs verməyi tövsiyə etmişlər.

Qərargah üzvü Rəşid Musayev, mədəniyyət işçiləri adından rayon mədəniyyət şöbəsinin baş metodisti, YAP-Balakən rayon təşkilatı idarə heyətinin üzvü Şəfəq Hacıyeva çıxış edərək, seçiciləri 23 dekabrda hamılıqla seçki məntəqələrinə gələrək, YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

AĞSTAFA

YAP Ağstafa rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasının, qrafikə uyğun olaraq, növbəti görüş rayonun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində keçirilib.

Görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: "İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək".

Tədbirdə, həmçinin, partiya fəalları çıxış edərək rayonda bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat işlərinin uğurla yekunlaşacağını və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əmin olduqlarını bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə