"Davamlı inkişaf üçün ərazilərdən səmərəli istifadə olunmalıdır"

"Yaradıcı sənayenin inkişaf etdirilməsi üçün şəhərlərin planlaşdırılmasında yeni yanaşma tələb olunur". SİA xəbər verir ki, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" nazirlər panelində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev bildirib.
O, dünya əhalisinin yarıdan çoxunun şəhərlərdə yaşadığını da diqqətə çatdırıb.

"XXI əsrin ortalarında şəhərlərdə yaşayanların faizi 60, hətta 80 faizə çata bilər ki, bu da şəhərlər qarşısında yeni çağırışlar qoyur. Əsas çağırış isə şəhərlərin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasıdır. Bakı şəhərinin bundan sonrakı inkişafını planlı şəkildə aparmaq lazımdır. Buna görə də Bakının baş planı üzərində işə başlanılıb", deyə Komitə sədrinin birinci müavini diqqətə çatdırıb.

Anar Quliyev qeyd edib ki, davamlı inkişafın təmin edilməsi üçün Bakının ərazilərindən səmərəli istifadə olunmalıdır.

"Bakının Baş planının planlaşdırılmasında çoxmərkəzli yanaşma tətbiq edilməlidir. Bu gün Bakının tək mərkəzi var. Bu da yaranan çətinliklərdən biridir. Digər prioritet istiqamət milli mədəni irsin qorunması və gələcək inkişafın bu irsi nəzərə alaraq təmin edilməsidir. Digər prioritet istiqamət şəhər iqtisadiyyatının post sənaye dövrünə mərhələli keçidini təmin etməkdir", deyə Anar Quliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə