Verilən vədlər yerinə yetirilir

Prezident İlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən uğurla həyata keçirilən regional inkişaf proqramları nəticəsində, ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Ötən 16 il ərzində, yeni-yeni istehsal müəssisələri, 2 milyona yaxın iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. 2004-2018-ci illər ərzində, iqtisadi islahatlar baxımından, Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Azərbaycandakı işsizlik səviyyəsi dünyada ən aşağı səviyyəyə - cəmi 5 faizə enib. Halbuki 2003-cü ildə bu göstərici 49 faizə bərabər olub. Əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu, cəmi 5,4 faizdir. Ötən 16 il ərzində maaşlar beş dəfə, pensiyalar səkkiz dəfə artıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin simasını tanınmaz dərəcədə dəyişib, qeyri-neft sektorunun ilbəil tərəqqisinə səbəb olub. Ən mühüm məsələ isə, Prezident İlham Əliyevin, mütəmadi olaraq, bölgələrə səfər etməsi və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Həmçinin, xüsusi olaraq, vurğulamaq lazımdır ki, son illər ərzində, ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən və Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan ölkə başçısı İlham Əliyevin, müntəzəm olaraq, regionlara səfərləri zamanı insanlarla həmişə təmasda olması, sıravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri Ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub həyata keçirməkdə imkanlar yaradır və hakimiyyətlə xalqın birliyini möhkəmləndirir.

Dövlət başçısının regionlara hər səfəri xalqa xidmətin təzahürüdür

Prezident İlham Əliyevin Azərbaycanın şəhər və rayonlarına hər bir səfəri insanların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyi əsas amil hesab edir.

Bu günlərdə regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyevin Şamaxı rayonunda olub və bu bölgəyə səfəri bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışı ilə əlamətdar olub.

Dövlət başçısı Prezident Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

""ASAN xidmət" cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur"

"ASAN Həyat" kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib ki, bu gözəl təşəbbüs xarici ölkələrdə də rəğbətlə qarşılanır: "Şadam ki, mənim təşəbbüsümlə yaradılmış bu xidmət bu gün, nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də böyük rəğbətlə qarşılanır. Şadam ki, "ASAN xidmət"in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni bu, onu göstərir ki, xidmət, doğrudan da, böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, "ASAN xidmət" cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. "ASAN xidmət"in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir".

Dövlət başçısı onu da vurğulayıb ki, sayca 16-cı mərkəz olduğunu bildirərək vurğulayıb ki, "ASAN" bizim intellektual məhsulumuzdur: "Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır".

Dövlət başçısı "ASAN xidmət"in apardığımız siysətin göstəricisi olduğunu bildirib: "Bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. "ASAN xidmət"lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq".

"Könüllülər qarşısında bütün imkanlar açıqdır"

Dövlət başçısı, həmçinin, könüllülərin hərəkatının Azərbaycanda geniş vüsət aldığını da vurğulayıb: "Çox şadam ki, Azərbaycanda könüllü hərəkatı geniş vüsət alır. Bu, doğrudan da, onu göstərir ki, siyasətimiz həyatda öz əksini tapır. Bir daha təkrar etmək istəyirəm ki, könüllülər hərəkatı "ASAN xidmət"dən başlamışdır. Ondan sonra həmin "ASAN xidmət"də sənin kimi fəaliyyət göstərən gənclər mötəbər beynəlxalq idman yarışlarında da böyük işlər görmüşlər".

Bütün oyunlarda iştirak etmiş könüllüləri şəxsi Fəxri diplomla təltif etdiyini deyən dövlət başçısı onların hər birinin fəaliyyətini oyunlar gedən vaxt izlədiyini vurğulayıb: "Görürdüm ki, bizim gənclərimiz nə qədər böyük məhəbbətlə, peşəkarlıqla, nəzakətlə bütün qonaqlara xidmət göstərirlər, yol göstərirlər, kömək edirlər. Bilirsiniz, bu, artıq tərbiyədir. Bu proqramdan keçən gənclər artıq gələcək həyatda da belə olacaqlar. Xalqımıza xas olan, əsrlər boyu yaşatdığımız milli-mənəvi dəyərlər də bu prinsiplər üzərində qurulubdur. Mən bu barədə dəfələrlə demişəm ki, bizim gənclərimiz xalqımızın əsrlər boyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar, necə ki, biz qoruyuruq. Məhz o təqdirdə, biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya bilərik, qoruya bilərik. Ona görə xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür".

"Yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək"

Dövlət başçısı gənclərin düzgün maarifləndirilməsini vacib sayaraq bildirib ki, nəsillər dəyişməlidir: "Korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün, əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir. Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır".

O, qeyd edib ki, dövrümüzdə də pozuntular, çatışmazlıqlar var, amma məsələ ondadır ki, biz bunlarla necə mübarizə aparırıq: "Biz bu mübarizədə təkcə inzibati, yaxud da ki, cəza tədbirləri ilə məqsədə müvəffəq ola bilmərik. Bütün bu tədbirlərlə yanaşı, institusional, sistem xarakterli islahatlar aparılmalıdır. İslahatların yeni dövrü keçən il prezident seçkilərindən sonra başlamışdır. Mən andiçmə mərasimindəki çıxışımda bizim əsas strateji inkişaf parametrlərini xalqın diqqətinə çatdırdım və hazırda biz ardıcıllıqla bu yolla gedirik".

Dövlət başçısı son vaxtlarda həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində gənclərə daha çox imkanlar yaradıldığını vurğulayıb: "Baxın, Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunubdur. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır. Ona görə biz bunu başa düşməliyik. Nəsillər arasındakı anlaşılmazlıq hər bir cəmiyyətdə var. Amma bizim cəmiyyət mühafizəkar cəmiyyətdir, konservativ cəmiyyətdir və ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətdir. Biz, əlbəttə, imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin. Ona görə, mən demişəm və mən gəncləri işə fəal cəlb etməyə başlayanda, gördüm ki, yaşlı nəslə qarşı elə bil hansısa bir kampaniya aparılır. Onu da mən dayandırdım".

"Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır"

Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə də tanış olub. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb. Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib. Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Prezident İlham Əliyev bu il üçüncü dəfə Şamaxıda olduğunu və zərərçəkənlərə qayğısının olduğunu bildirib: "Mən bu il üçüncü dəfədir ki, Şamaxıda oluram. Birinci dəfə o bədbəxt hadisə ilə əlaqədar gəlmişdim, fevral ayında, zəlzələ baş verəndən sonra. Müvafiq təlimatlar verildi. Bütün qüvvələr səfərbər olundu. İkinci dəfə mart ayında gəlmişdim. Artıq birinci evlərin tikintisini də qeyd etdik. Göstəriş verdim ki, maksimum çalışmalıyıq ilin sonuna qədər bütün evlər tikilsin. Şadam ki, buna nail olmuşuq. Bu da, əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. İndi düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən, bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır".

Prezident İlham Əliyev, həmçinin, onu da bildirib ki, Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib: "Mənim bir neçə Sərəncamım olmuşdur, həm yolların tikintisi, həm də kommunal texnikanın alınması ilə bağlı. Burada qar yağanda, bəzi yollar keçilməz olur. Ona görə kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınları alınacaq. Ondan sonra dayanacaqlar, şəhər təsərrüfatı tamamilə yenilənəcək. İstəyirəm biləsiniz ki, təxminən, 4-5 aydan sonra şəhərin su problemi də tamamilə öz həllini tapacaq. Şamaxıda su problemi artıq həll olunur".

Dövlət başçısı Şamaxının qədim tarixi yer olduğu üçün adı əsrlər boyu xəritələrdə öz əksini tapan şəhərlərdən olacağını da deyib: "Şamaxı o şəhərlərdəndir, tarixi şəhərdir, Şirvanın mərkəzidir. Elə zəlzələdən sonra Şirvanşahlar buradan Bakıya köçüblər, Bakıda saray tikiblər. Amma onların yeri buradır. Nəsiminin vətəni buradır. Biz bunu, əlbəttə ki, qiymətləndirməliyik".

Prezident İlham Əliyev, həmçinin, Şamaxıya yeni icra başçısının təyinatı və vətəndaşlarla mütəmadi görüşlər keçirdiyini vurğulayaraq bildirib ki, xalqa xidmət etmək onların borcudur: "Biz gərək gənc kadrlara üstünlük verək. Bu gün "ASAN xidmət"in açılışında idim. İndi gedib baxarsınız, elə bil saraydır. Orada bütün xidmətlər avtomatik olacaq, daha o arayış sənin - bu arayış mənim, yox. Gəldin, nömrəni götürdün, səni heç kim incitməyəcək. Bütün uşaqlar da gülərüzdür".

Beləliklə, Prezident İlham Əliyevin istər xarici, istərsə də daxili məsələlərdə nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın daha da qüdrətlənməsinin, ölkənin dinamik inkişafının əsas xəttini təşkil etməklə yanaşı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi siyasətini reallaşdırmış olur. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə