Bərdədə 8500 ağaç əkilib -FOTOREPORTAJ

Bərdə rayonunda kütləvi ağaç əkmə aksiyası keçirilib. SİA-nın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın "Bir gündə 650 min ağac əkək" təşəbbüsü Bərdə rayonunda da böyük razılıqla qarşılanıb.

Bərdə rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş ərazilərdə xüsusi ilə Yevlax Bərdə avtomobil yolunun kənarında rayonun iqliminə uyğun 8500 ədəd müxtəlif növ ağac tingləri əkilib və baramaçılığın inkişafı üçün 30 min tut tingi əkilib. Kütləvi aksiyada rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar iştirak edirlər. Əkilən ağaclar suvarılır və onlara aqrotexniki qaydada qulluq göstərilir.

Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə rayonun incəsənət ustaları musiqi nömrələri ilə çıxış edirlər.
Böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulublar. Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə