Müşfiqabad qəsəbəsində 5 min ağac əkilib - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilir. SİA xəbər verir ki, ən kütləvi ağacəkmə aksiyalarından biri Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində həyata keçirilib. Burada ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri iştirak edib.

Ekoloji aksiyada iştirak edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov bu günü Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandırıb. Əli Əhmədovun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: “Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq".

Əli Əhmədov qeyd edib ki, bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq: "Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq. YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirir. Bu, əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır".

Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Yeni Azərbaycan Partiyası da qoşulub. Bu, olduqca önəmli təşəbbüsdür, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir.

Ekoloji aksiyada iştirak edən Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bu aksiyanı olduqca önəmli təşəbbüs, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfə adlandırıb. İnsanların bu təşəbbüsə kütləvi şəkildə qoşulmasını vətəndaş birliyinə, dövlətə, xalqa, onun maraqlarına olan münasibət kimi dəyərləndirən Bahar Muradova deyib: “Hesab edirəm ki, bu əsasda yaranan münasibətlər, bu əsasda formalaşan sabitlik, vətəndaş birliyi Azərbaycan dövlətinin maraqlarına çox vacib bir töhfədir və özlüyündə bu, həm də Yeni Azərbaycan Partiyasının bir dəstəyidir. YAP yarandığı vaxtdan bu günə kimi hər zaman belə aksiyaların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Bu gün də hamımız bir yerdəyik, çox gözəl əhval-ruhiyyəmiz var. Hesab edirəm ki, bu genişmiqyaslı kampaniyada fəal iştirak edəcəyik. Ölkəmizə, xalqımıza “Uğurlu olsun!” deyirik”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparat rəhbəri Vüqar Kərimovun sözlərinə görə, Müşfiqabadda avtomobil yolu kənarında yerləşən 5 hektar ərazidə 5 mindən çox ağac əkilib.

Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib. Nazirlik tərəfindən ağacların əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunub. Ağacların böyük hissəsi magistral yolların kənarlarında əkilir.

650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə