Azərbaycan ilə Qətər arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Dekabrın 1-də Qətərin paytaxtı Dohada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Qətəri isə Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi təmsil ediblər.

İclas zamanı Azərbaycan ilə Qətər arasında ikitərəfli əməkdaşlığın bir sıra məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Qətərin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclasının Doha şəhərində keçirilməsini sevindirici hal kimi qiymətləndirərək, bu görüşlərin gündəmdə olan mühüm məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını diqqətə çatdırıb. Əl-Mureyxi Qətərin Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Öz növbəsində, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Qətər arasında yüksəksəviyyəli siyasi əlaqələrin mövcudluğunu qeyd edərək, siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafı və diplomatik münasibətlərin daha da gücləndirilməsində roluna toxunub. Nazir müavini iki ölkə arasında yüksəksəviyyəli səfərlərin mübadiləsinin əhəmiyyətindən bəhs edib, bu xüsusda, Prezidenti İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfərlərini xatırladıb. R.Həsənov, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Ramiz Həsənov Ermənistanın işğalçı siyasətinin bölgədə təhlükəsizliyə ciddi hədə olduğunun bildirərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti və danışıqlar prosesi barədə həmsöhbətinə müfəssəl məlumat verib. Nazir müavini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi, eləcə də qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, həmçinin digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarını xatırladıb. Bu xüsusda, R.Həsənov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllində ölkəmizin yanında olduğuna görə Qətər Dövlətinə minnətdarlığını ifadə edib.

S.Əl-Mureyxi Qətərin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini tam dəstəklədiyini və münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. O, münaqişənin təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitlik üçün təhlükə yaratdığı fikri ilə razılaşaraq, münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib. Dövlət naziri bildirib ki, Qətər məsələ ilə əlaqədar bütün qərar və qətnamələrdə Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, siyasi məsləhətləşmələrin hər il keçirilməsi barədə razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...