3 Dekabr Beynəlxalq Əlillər Günüdür

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.

Dünya əhalisinin, təxminən 10-12 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması, Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin ildən-ilə artan sosialyönümlü büdcəsi də bunu söyləməyə imkan verir.
Bu gün Azərbaycanda 600 mindən artıq əlilliyi olan şəxs yaşayır. Bu da, ölkə əhalisinin 6 faizi civarındadır. Azərbaycanda olan faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər aparılır. Son illər əhalinin sayının 1,5 milyon nəfər artmasına baxmayaraq, bu qrup insanların sayında artım azdır. Buna səbəb isə, reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir. Əlillərin, o cümlədən, sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həllinə dövlət büdcəsindən ayrılan vəsaitin hər il artırılması Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara diqqət və qayğısının təzahürüdür. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş və hüquqi-demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün kateqoriyalarının, o cümlədən, əlilliyi olan şəxslərin hüquqlarının təmini və müdafiəsi istiqamətində bir sıra mütərəqqi islahatlar həyata keçirilib. Müasir dövrümüzdə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Belə ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş hüquqi islahatların məntiqi nəticəsi olaraq, dövlətimizin konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edilib. Bu sırada əlilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsi də mühüm yer tutur.
Ölkə Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında, eyni zamanda, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əlilliyi olan şəxslərlə bağlı müddəaların olması dövlətimizin bu qəbildən olan təbəqəsinin hüquqlarının təmin edilməsini daim diqqət mərkəzində saxladığını göstərir.
Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud insanların digər problemləri kimi, onların təhsili də dövlətin diqqət mərkəzində saxlanılır. Belə ki, Azərbaycanda inklüziv təhsilin həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazasının yaradılması təşəbbüsləri hələ 90-cı illərin sonlarından irəli sürülmüşdür. 2001-ci ildə isə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar qəbul olunmuş, eyni zamanda, Təhsil Nazirliyi tərəfindən "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar proqram (2005-2009-cu illər)" hazırlanmışdır. Proqrama uyğun olaraq, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən 3 inklüziv təhsil layihəsi, ümumilikdə, 30-dək təhsil müəssisəsini, 100-dən artıq məktəbəqədər və məktəb yaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının növbəti təzahürü oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 28 yanvar 2019-cu il Sərəncamı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.
Prezident İlham Əliyevin qeyd edilən Sərəncamı Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən, ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.
Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-Müsabiqəsinin keçirilməsi də əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların bacarıq və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, onların yaradıcılıq imkanlarının və ümumən, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Əlillərin cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması, inkişaf etdirilməsi və əməklərinin qiymətləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası genişlənib. Belə ki, kor və zəif görən uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi layihəsi üzrə BMT ilə əməkdaşlıq sazişi imzalanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsi üçün müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb. Fond, həmçinin, nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasını təmin edib.
Hazırda əlilliyi olan insanlar və onların ailə üzvləri də nəzərə alınarsa, Yer kürəsində təqribən iki milyarda yaxın insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir. Azərbaycan dövləti isə bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır və sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...