AHİK-də Qarabağ müharibəsi veteranları və əlillərlə görüş olub

Dekabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Beynəlxalq Əlillər Günü ərəfəsində Qarabağ müharibəsi veteranları və əlillər ilə görüşüb. Konfederasiyadan SİA-ya bildiriblər ki, AHİK sədri görüşdə iştirak edən müharibə iştirakçılarını, onların ailələrini bu əlamətdar gün münasibətilə təbrik edib.

S.Möhbalıyev bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən müharibə veteranları və şəhid ailələrinə yüksək ehtiram və qayğı göstərilir, onların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Ordumuzun döyüş hazırlığı və təminatı yüksək səviyyədədir. Ən müasir silahlarımız və texnikalarımız var. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada lider yerlərdən birini tutur.

AHİK sədri Qarabağ müharibəsi veteranlarının və əlillərin hər zaman AHİK-in diqqət mərkəzində olduğunu deyib. Onlarla mütəmadi olaraq görüşlərin keçirildiyini, problemlərinin həllinə xüsusi həssaslıqla yanaşıldığını, istirahət və müalicələrinin təşkili istiqamətində atılan addımları da diqqətə çatdırıb.

Görüşdə iştirak edənlər ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirləri, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər. Diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüş iştirakçılarının hər birinə maddi yardımlar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə