Bakıda qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin 1003 ­̶ Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olan şikayət əsasında paytaxtın Nəsimi rayonundakı R.Zorge küçəsi, 20/22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Lalə Əziz qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkar olunub. Ümumi sahəsi 35-40 kvadratmetr olan müəssisədə kustar üsulla çörək istehsalı, satışı və daşınması həyata keçirildiyi müəyyən edilib. Müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir.

Yoxlama zamanı çörək istehsalı müəssisəsində temperatur və rütubət rejiminə riayət olunmur. Un anbardakı taxta altlıqların üzərində, birbaşa divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. İstifadə olunan kustar üsulla hazırlanmış işçi masaların və çörək yığılan rəfin səthləri lazımi qədər hamar və dezinfeksiya üçün əlverişli deyil. Müəssisədə istifadə edilən sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların, çörək yığılan rəfin istismar müddəti ötüb, onların təmizlənməsi, dezinfeksiyası da normalara uyğun aparılmır. İstehsal müəssisəsində unun yoğurulması, xəmirin mayalanması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışı eyni bir sahədə aparılır. Bu da qida təhlükəsizliyi baxımından istehsal olunan çörəyin fiziki, kimyəvi və mikrobioloji çirklənməsinə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə