Azərbaycan-Rusiya əlaqələri yeni müstəvidə

Mehriban xanım Əliyeva: "Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir"

Bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir. Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr və sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, mütəmadi olaraq, keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr və vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da, bu münasibətlərin inkişafında xidmətləri kifayət qədərdir. Elə bu günlərdə Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü bu əlaqələrin davamlı olduğunun daha bir göstəricisidir. Azərbaycanın Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verdiyini bildirən Mehriban xanım Əliyeva ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirdiyini diqqətə çatdırıb: "Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin, hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri, mütəmadi olaraq, görüşlər keçirirlər. Bu görüşlər, demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir".

"Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır"

Qeyd edək ki, iqtisadi münasibətlərin inkişafında müsbət dinamika müşahidə olunur. Bu gün ölkəmizdə Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq da diqqəti çəkəndir. "Şübhəsiz ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir" deyən Mehriban xanım Əliyeva Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutduğunu bildirib: "Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik - əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə, artım 24 faizə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar məbləğində sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür".

"Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar"

Mehriban Əliyeva Rusiyadan ölkəmizə səyahət edən turistlərin sayının artığını da bildirib. Ötən il 900 min rusiyalının Azərbaycanda olduğunu diqqətə çəkib və cari ildə həmin göstəricinin artacağının gözlənildiyni deyib. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında davam edir. Təbii ki, Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tükənməz maraq var. Mehriban Əliyeva humanitar əlaqələrdən danışarkən, ölkələrimiz arasında humanitar əlaqələrin, xüsusən, təhsil sahəsində nümunəvidir, deyə fikrini bildirib. Bu gün məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Bütün bunlar və digər amillər Azərbaycanla Rusiya arasında uğurlu əməkdaşlığına nümunədir. "Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar" deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizdə 338 məktəbdə tədrisin rus dilində aparıldığını, 14 ali məktəbdə rus dilində bölmələr olduğunu, eləcə də, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsinin uğurla həyata keçirildiyin bildirib: "Əlbəttə, ali təhsil səviyyəsində qarşılıqlı fəaliyyət var. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədə də böyük potensial mövcuddur. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımız bütün sahələr üzrə genişlənəcək, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək".

Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələr

Qeyd edək ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub. Humanist, xeyriyyəçi layihələrin təşəbbüskarı kimi nüfuz qazanan Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti və genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə böyük nüfuza malikdir. Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Bu humanitar və mədəni tədbirlər, artıq beynəlxalq məkana bəlli olan həqiqətdir. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir. Heydər Əliyev Fondu xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da nümunəvi tərzdə parlamasına öz töhfəsini verir. Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığını çıxışlarının birində bildirən Mehriban xanım Əliyeva "Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir" deyib.

Bu görülən işlərin məntiqi olaraq, bu cür mühüm layihələr Rusiyada da həyata keçirilir. Elə Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də bu əməllərdən qaynaqlanır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2012-ci ilin sentyabrında Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində "Volqoqrad-Bakı Dostluq Parkı" istifadəyə verilmişdir.

Onu da, vurğulayaq ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdü. Daha sonra "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" Diplomu və Xatirə nişanı ilə təltif edilib.

Bütün dünyada böyük hörmətə, nüfuza malik olan Azərbaycan birgəyaşayışa, qarşılıqlı əməkdaşlığa töhfələrini verir, prinsipial və ədalətli mövqeyi ilə seçilir. Dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, üstünlük verərək, sülsevər siyasətini dünyaya göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə