Biləsuvarda "Mənim hüquqlarım" mövzusunda bilik yarışı keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Biləsuvar Rayon Təhsil Şöbəsi ilə birgə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Mənim hüquqlarım" mövzusunda Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 8-ci sinif şagirdləri arasında bilik yarışı keçirib. SİA-nın məlumatına görə, böyük maraq doğuran bilik yarışı N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

Komandaların gərgin mübarizəsi şəraitində keçən bilik yarışında E.Əmənullayev adına Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin komandası 1-ci, N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin komandası 2-ci, Biləsuvar rayon R.Rzayev adına Nəsimi kənd tam orta məktəbin komandası 3-cü yeri qazanıb.

Qalib komandalar diplomla təltif edilib. Bilik yarışında iştirak edən şagirdlər belə layihələrin həyata keçirilməsinin onlar üçün çox faydalı olduğunu, bilik və bacarıqlarının artdığını qeyd edərək minnətdarlıqlarını bildiriblər.

"Mənim hüquqlarım" mövzusunda keçirilən bilik yarışı rayon ictimaiyyəti və pedaqoji kollektiv tərəfindən də çox müsbət qarşılanıb və belə tədbirlərin gələcəkdə də keçirilməsi arzu olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...