Metropoliten ilə bağlı narazılıqlar nədən yaranır? ARAŞDIRMA

Dünyanın hər yerində olduğu kimi Azərbaycanın paytaxtı Bakıda metro nəqliyyatı cəmiyyətin həyatında mühüm rola malikdir və etiraf etmək lazımdır ki, əslində bu nəqliyyat vasitəsi digərləri ilə müqaisəyə belə gəlməməlidir. Çünki, digər nəqliyyat vasitələrindən fərqli olaraq, metro nəqliyyatının tıxacla, ləngimələrlə bağlı problemi olmamalı və sərnişinlərin daha əlverişli şəkildə və gecikdirilmədən ünvana çatdırılması qüsursuz təmin olunmalıdır.

Məsələ burasındadır ki, son zamanlar biz bunun əksini müşahidə edirik və ləngimələr, dayanmalar, səbəbsiz fasilələr mütəmadi hal alıb və bunun səbəbini izah edən də yoxdur. Sözsüz ki, sadalanan problemlər ictimaiyyət arasında, ələxsus metro nəqliyyatından istifadə edən vətəndaşlar arasında narazılıqlara səbəb olub və bunun təzahürlərini son vaxtlar sosial şəbəkələrdə edilən paylaşımlarda da görmək mümkündür. Hətta, sosial şəbəkə istifadəçiləri dünya təcrübəsindən nümunə gətirməyi də unutmayıb və Bakı metropoliteni ilə digər ölkələrdə olan metro nəqliyyatının müqaisəsini də aparıb.

Tünzalə İsmayılova adlı sosial şəbəkə istifadəçisi metroda olan bu ləngiməni öz səhifəsində paylaşıb və hətta paytaxtımızda fəaliyyət göstərən metro nəqliyyatını Yaponiyanın metro nəqliyyatı ilə müqaisə edərək ləngimələrə görə daşınan məsuliyyət barədə də xatırladıb. Həqiqətən də bir çox ölkələrdə olduğu kimi metro nəqliyyatında baş verən ləngimələrə görə cavabdehlik hallarının hamımız şahidiyik. Məsələn, Yaponiyada cəmi 2 dəqiqə gecikmə halına görə metro rəhbərinin və maşinistin həbs olunması, eləcə də nəqliyyat nazirinin istefa verməsi kimi hallar barədə bilirik ki, məhz bu barədə məlumatlar da haqqında danışdığımız sosial şəbəkə istifadəçisinin paylaşımında öz əksini tapıb.

Qeyd etdiyimiz kimi metro nəqliyyatı insanların, ələxsus paytaxt sakinlərinin ən çox istifadə etdiyi nəqliyyat növüdür və tələbat da bu nəqliyyata daha çoxdur. Bu səbəbdən də metroda baş verən ləngimələr, qüsurlar paytaxt sakinlərinin haqlı narazılığına səbəb olur. Belə bir narazılığın fonunda haqqında danışdığımız sosial şəbəkə istifadəçisinin iradlarına metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da reaksiya verib və öz şərhi ilə diqqəti cəlb edib.

Qurumun mətbuat xidmətinin rəhbəri sosial şəbəkədə ləngimələr barədə irada cavab olaraq bildirib ki, xətlər bir-birindən ayrılanda interval istədiyimiz həddə salınacaq. Maraqlıdır, xətlər bir-birindən nə vaxt ayrılacaq və bir sözlə, sərnişinlər intervalın istənilən həddə çatdırılması üçün nə qədər gözləməli olacaq. Başqa sözlə desək, bu interval və ləngimə problemi hələ nə qədər davam edəcək? B.Məmmədov öz şərhində bu barədə dəqiq fikir bildirməsə də, metrodan hər gün, hətta gündə bir neçə dəfə istifadə edən paytaxt sakinləri üçün problemin nə zamana qədər davam edəcəyi olduqca maraqlıdır.

Metropolitenin sözçüsü sosial şəbəkə istifadəçisinin Yaponiya barədə nümunələrinə şərh yazarkən onu da qeyd edib ki, sözügedən ölkədə sərnişinləri itələyərək vaqona kipləşdirən Osiya adlanan vəzifə də var və nəzərə çatdırır ki, sıxlıq həmin ölkədə bizdəkindən də çoxdur. Amma qurumun mətbuat xidməti onu da nəzərə almalıdır ki, həmin ölkənin əhalisinin sayı da bizimlə müqaisəyə gəlməz dərəcədə fərqli, daha doğrusu dəfələrlə artıqdır. Bununla yanaşı, onu da qeyd etmək yerinə düşərdi ki, müzakirə mövzusu sərnişinlərin itələnərək, yaxud sərbəst şəkildə vaqonlara yerləşdirilməsi yox, qatarların hərəkətində səbəbsiz ləngimələr və bu ləngimələrin mütəmadi hal almasıdır.

Metropolitenin mətbuat xidmətinin rəhbəri öz şərhində sərnişinləri qınamağa üstünlük verir, nəinki ləngimələri yaradan qüsurların təqdim edilməsi. O, xüsusilə qeyd edir ki, sərnişinlərin metro stansiyasında qatarı 15-20 saniyə ləngitməsi yetərlidir ki, hərəkəti təşkil edən işçilərin problemləri başlasın. Burada da maraqlı məqamlar ortaya çıxır və görəsən sərnişinlər tərəfindən qatarın 15-20 saniyə gecikməsi sosial şəbəkə istifadəçinin foto şəkillə sübut etdiyi 8 dəqiqə 40 saniyə ləngiməyə nəyə görə səbəb olmalıdır? Sərnişin qatarının yubanmasının günahı niyə sərnişinlərin üzərində qalmalıdır? Bir də axı sərnişinlərin də sıxlığı qatarın ləngiməsi səbəbindən əmələ gəlir.

Digər bir sosial şəbəkə istifadəçisi Fərid Mirzəyev də öz şərhində 13:48-də Koroğlu stansiyasına İçərişəhər xətti ilə gələn qatarın hər gün 5 dəqiqə 30 saniyə intervalla gəldiyini yazır və bunun səbəbini soruşur. Nahar fasiləsi, dərslərin bitən və başlayan vaxtı, natamam iş qrafikləri ilə işləyənlərin işdən çıxan vaxtı, sıxlıq anlarında bu intervalın səbəbi ilə maraqlanan F.Mirzəyevə cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri öz şərhində metropolitenin gücləndirilmiş iş rejimində çalışdığını yazır. Amma nədənsə belə bir gücləndirilmiş iş rejimi sərnişinləri qane etmir və hələ də qatarlararası intervaldan heç kim razı deyil. Sual oluna bilər ki, görəsən müqaisə edilən Yaponiya kimi əhalinin daha sıx olduğu bir ölkədə niyə qatarlar arası interval paytaxt Bakıdakı kimi deyil və görəsən onlar hansı gücləndirilmiş rejimdə çalışırlar ki, belə bir ləngimələr olmur.

Qatarların hərəkət intervalı və sərnişinlərin buna münasibəti barədə daha müfəssəl məlumat əldə etmək üçün paytaxtın metro nəqliyyatından gündəlik istifadə edən sərnişinlər arasında sorğu da keçirdik. Sorğu metronun ayrı-ayrı stansiyalarında, əsasən də sərnişinlərin daha sıx olduğu stansiyalarda aparıldı. Respondentlər hər biri ayrı-ayrılıqda stansiyaya daxil olan qatarlar arasındakı intervalın böyüklüyündən şikayətləndilər. Ələxsus iş saatlarının əvvəlində və sonunda, yəni səhər və axşam saatlarında sıxlıqla bağlı narahtlıqlarını da gizlətmədilər.

Metronun Sahil stansiyasında sorğu keçirildiyi zaman sərnişin Həsən Qarayev qatarlar arası intervaldan gileyləndi. O, qeyd etdi ki, bu nəqliyyatdan hər gün bir neçə dəfə istifadə edir. Avtobus nəqliyyatında yaranan tıxaclardan qurtarmaq üçün metro nəqliyyatından istifadə etdiyini deyən sərnişin H.Qarayev metrodakı çatışmazlıqlarından gileyləndi. Qeyd etdi ki, metro nəqliyyatı tıxac problemi olmadığına görə bir sərnişin kimi hər kəsi qane etməli olduğu halda, əslində qatarlar arası intervallar, ləngimələr, bəzən stansiyalar arasında dayanmalar heç də metrodan istifadə edənlərin ürəyincə deyil.

Digər bir sərnişin Babasıyev Ağası qatarların stansiyalara daxil olmasında ləngimələrdən ürək dolusu danışdı. Bəzən bu ləngimələr səbəbindən işə gecikdiyini də dedi və qatarlar arası intervaldan narazı qaldığını söylədi. O, həmçinin vurğuladı ki, daha çox səhər və axşam saatlarında, yəni işə gedilən və işdən qayıdılan zaman qatarlar arası intervalın artdığı müşahidə olunur. Onun sözlərinə görə, belə vaxtlarda qatarların ləngiməsi sərnişin sıxlığına, nəticədə isə narahatlığına səbəb olur. Çünki, iş vaxtlarının başladığı və bitdiyi belə vaxtlarda qatarlar ləngidikcə sərnişinlərin stansiyalarda sayı hər an artır və sərnişinlərin qatarlara sığışması, daşınması həm çətinləşir, həm də sərnişinlər üçün narahatlıqlar yaranır.

Sərnişinlərdən Abdulla Abdurəhmanov isə metronun Koroğlu stansiyasındakı vəziyyətdən danışdı və qeyd etdi ki, bu stansiyada qatarları daha çox səhər saatlarında ləngiyir və qatarlararası interval daha çox səhər saatlarında böyük olur. A.Abdurəhmanov Koroğlu stansiyasında qatarların qapılarının tez bağlanmasından da şikayətləndi. Bildirdi ki, qapıların tez bağlanması səbəbindən sərnişinlərin əşyalarının, paltarlarının qapı arasında qalmasının dəfələrlə şahidi olub.

Bizimlə həmsöhbət olan sərnişin Qismət İsmayılov qatarlar arası intervalın böyüklüyü ilə yanaşı qatarların tuneldə dayanmasından narazılıq etdi. O, xüsusilə vurğuladı ki, yaşlı adamların sərnişinlərin sıx olduğu vaqonlarda getməsi onsuz da təhlükəlidir və üstəlik qatarın tuneldə dayanması bu təhlükəni bir az da artırır. Sərnişin Qismət İsmayılov qatarın tuneldə qalması səbəbindən dəfələrlə səhhətinin pozulduğunu da bizimlə bölüşdü. Dedi ki, qatarın tuneldə qalmasına görə hər dəfə əziyyət çəkib. Onun sözlərinə görə, tuneldə qatarın dayanması yaşlı adamların nəfəs almasında, ümumiyyətlə səhhətində problemlərə yol açır.

Keçirilən sorğuda iştirak edənlər arasında gənclər də var idi və onlar bu sorğuda aktiv iştirak ilə xüsusilə fərqləndilər. Ali məktəb tələbələri qatarlar arası intervaldan narazılqlarını ifadə etdilər. Tələbələr qatarların gecikməsi, intervalın böyük olması səbəbindən dəfələrlə dərsə gecikdiklərini dilə gətirdilər. Onlar həmçinin qeyd etdilər ki, dərslərin bitdiyi vaxt da belə ləngimələrlə rastlaşırlar ki, bu ləngimələr zaman itkisinə, nəticədə isə onların gündəlik qrafikinə öz mənfi təsirini göstərmiş olur.

Aparılan araşdırmalar göstərir ki, metrodan gündəlik istifadə edənlərin hər biri qatarlararası intervaldan birmənalı şəkildə narazıdır. Sorğu apardığımız sərnişinlər ləngimə hallarından, intervalın böyük olmasından gileylənirlər. Qatarların vaxtında və bir-birinin ardınca, həm də az fasilələrlə, kiçik intervalla xəttə buraxılmasını, fasiləsiz hərəkətini, tuneldə dayanmamasını hamı arzulayır. Çünki, qatarların bu şəkildə hərəkəti nəticə etibarı ilə işə, dərsə və hər hansı yerə gecikmə hallarının, süni şəkildə əmələ gələn sıxlığın, tuneldə dayandırılan qatarlarda səhhətində problemlər yaranan insanların narahatçılığının və digər xoşagəlməz halların qarşısının alınması deməkdir.

Maraqlıdır, qatarların bu şəkildə belə az intervalla hərəkəti niyə təşkil edilmir? Niyə qatarların hərəkətində yaranan ləngimələr aradan qaldırılmır? Nəyə görə tünelda dayanma halları hələ də davam edir və bunun qarşısının alınmasında nə kimi problemlər var? Ümumiyyətlə, metropolitendə müşahidə olunan sıxlıq, intervalın mütəmadi olaraq böyük olmasının, ləngimələrin, tuneldə dayanmaların qarşısı alınacaqmı və əgər alınacaqsa bu, nə zaman olacaq sualı ilə metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət etdik. Qurumun sözçüsü metro nəqliyyatından istifadə edən sərnişinlərin sayının son vaxtlar artdığını qeyd edərək bu artımın statistik hesabatlarda da öz əksini tapdığını bildirdi. Son on ayın göstəricilərinə nəzər saldıqda sərnişinlərin sayında 1,5 faiz artım olduğunu dilə gətirən müsahibimiz bu statistik rəqəmin metropliten üçün böyük göstərici olduğunu da dedi.

“Paytaxt Bakının baş planı hazırlanır ki, bu planda yeraltı nəqliyyat infrastrukturu kimi metropolitenin məsələləri də yer alır. Orada bu məsələlər hansı proiritet, hansı istiqamətlərdə hərəkət edilməsi barədə qarşılıqlı şəkildə müzakirələr aparılır. Sadalanan məsələlər, məsələn, xətlərin ayrılması və sair işlər həmin planda layihə kimi nəzərdə tutulur. Bakının baş planı 2027-ci il üçün nəzərdə tutulub, amma mövcud vəziyyətdə olan məsələrin həlli mərhələli şəkildə həyata keçililəcəyi nəzərdə tutulur”, deyə metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Yenə də əhalisi bizim paytaxtımızın əhalisindən dəfələrlə çox olan ölkələrin metro nəqliyyatındakı ləngimə hallarının, böyük intervalların olmaması hər kəsi düşündürür. İki mərtəbəli metro stansiyaları və bizimkindən dəfələrlə çox əhalisi olan Moskva kimi bir şəhərin metro stansiyalarında bizdə olan sıxlıq, qatarlar arasında böyük interval, ləngimə və dayanma halları müşahidə edilmirsə, deməli, məsələ əsaslı şəkildə öz həllini gözləyir və belə bir həll variantı heç şübhəsiz ki, var. Ümid edirik ki, Bakı Metropolitenində də yaxın zamanda bu problem öz həllini tapacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə