Ədliyyə sistemi dövrün tələblərinə cavab verir

22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günüdür

1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq, hüquq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.

Azərbacan ədliyyəsinin şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Dövrünün ziyalı şəxsləri olan Xəlil bəy Xasməmmədov, Fətəli xan Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfikürdski kimi şəxslər ədliyyə naziri kimi yüksək postda təyinat almış və ədliyyənin inkişafına öz töhfələrinin vermişlər. Belə ki, yenicə əsası qoyulan ədliyyə nazirliyi həmin dövrdə ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra Ədliyyə Nazirliyi ləğv edilmiş və onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının uğurla həyata keçirən ulu öndərin davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir.

Ölkə başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə mütərəqqi islahatlar aparılır, son illər ədliiyə sisteminin müasirləşdirilməsinə xidmət edən mühüm qərarlar qəbul olunub, bir çox nailiyyətlər əldə edilib. Ədliyyə sistemi dövrün tələblərinə cavab verir.

Ədliyyə sahəsində islahatların davamlığının təmin olunması məqsədilə dövlət başçısının 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşmış hökumətdə cənab Fikrət Məmmədov Ədliyyə Naziri vəzifəsinə təyin olunmuşdur. Ədliyyə naziri işlədiyi dövrdə Fikrət Məmmədov ölkənin ədliyyə, məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədliyyə sahəsinə göstərdiyi qayği bizi daim məsuliyyətlə işləməyə həvəsləndirir. Bu sahədə çevik idarə etmənin təmin edilməsində, şəffaflığın artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm verməsi bu gün ədliyyə işçilərinin məsuliyyətini daha da artırmışdır. Göstərilən elektron xidmətlər vasitəsilə ədliyyə orqanlarının iş rejimi, əlaqə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, notariat hərəkətinin aparılması qaydası, zəruri sənədlər və ödəmələr, məhkəmə qərarlarının icrası, uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı və sairə barədə informasiya almaq üçün geniş imkan yaradılmışdır.

Rabi İSAYEV,
Masallı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

Bütün xəbərlər Facebook səhifəmizdə