Yeni Azərbaycan Partiyası - uğurlar və zəfərlər partiyası

YAP Qaradağ rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirib

Dünən YAP Qaradağ rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzin ərazisində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla və sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər, artıq Azərbaycanı inkişaf yoluna çıxarıb.

A.Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Munis Bayramov Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində, hazırda ölkəmizin güclü dövlətə çevrildiyini faktlarla qeyd edib.

YAP İcra Katibliyinin şöbə müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında bildirib ki, xalqımızın təkidli tələbi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq, ölkəmizin uğur formulunun əsasını qoydu: "Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını daha da gücləndirir. Artıq YAP, nəinki regionda, dünyada nüfuzlu bir siyasi təşkilat kimi tanınır".

Millət vəkili partiyanın 1992-ci ildən üzvü olan və təşkilatın inkişafında xüsusi xidmətləri ilə seçilən təhsil işçisi Hicrət xanım Qaradağlının fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edərək, 70 illiyi manasibətilə ona İcra Katibliyinin Fəxri Fərmanını təqdim edərək, xoş arzularını bildirib.

Qaradağ rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov partiyanın cəmiyyətimizdə, müstəqil respublikamızın inkişafında və iqtisadi qüdrətinin durmadan artırılmasında rolunu yüksək dəyərləndirərək yeni-yeni uğurlar arzulayıb.

YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin sədri Seyidməmməd Məmmədzadə və gənc fəal Röya Rzayeva çıxış edərək dövlət müstəqilliyimizin, partiya maraqlarının müdafiəsində, qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışıblar.

Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim olunub, bir qrup partiya fəalı isə rayon təşkilatının ictimai-siyasi həyatında iştirakına görə fəxri fərmanla və mükafatlarla təltif edilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə