Monteneqronun sabiq XİN rəhbərinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub

Hakim Monteneqro Sosialistlərinin Demokratik Partiyasının idarə heyətinin üzvü, Monteneqro Prezidentinin sabiq baş müşaviri, 2006-2012-ci illərdə ölkənin Xarici İşlər naziri olmuş görkəmli ictimai-siyasi xadim Milan Roçenə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, medalın təqdimetmə mərasimində Azərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov çıxış edərək ölkələrimiz arasında əlaqələrin qısa müddət ərzində strateji tərəfdaşlıq və dostluq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib, hər iki tərəfin münasibətlərin daha da dərinləşməsinə böyük əhəmiyyət verdiyini söyləyib.

Milan Roçen ikitərəfli əlaqələrin inkişafı istiqamətində səyləri nəzərə alınaraq Azərbaycan dövləti tərəfindən təltif olunmasına görə minnətdarlığını çatdırıb, Azərbaycan ilə Monteneqro arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsindən və daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Qədim tarixi və mədəniyyəti olan Azərbaycanın Monteneqronun hər bir guşəsində tanındığını söyləyən M.Roçen ölkələrimiz arasında yalnız siyasi deyil, iqtisadi, mədəni və təhsil sahələrində də yüksək əməkdaşlığın mövcud olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...