Hərdən oturub fikirləşirdim ki, əcəba, bizim əzəli-əbədi müxaliflərimiz nədən bu iqtidara deyil, bu dövlətə qarşı bu qədər aqressivdirlər? Nə qədər fikirləşdimsə, kitablar eşələdimsə, bu suala cavab tapa bilmədim ki, bilmədim. Ona görə cavab tapa bilmədim ki, dünya dövlətlərinin tarixini də nə qədər qurdalasanız, öz dövlətinə, öz məmləkətinə bu qədər aqressivlik göstərən məxluq haqda heç bir məlumat əldə edə bilməzsiniz. Necə ki, mən vərəqlədim və bunlara bənzərin tapa bilmədim. O ki qala, düşmənlə üz-üzə qalan dövlətinə qarşı düşmən dəyirmanına su tökə!

Yenə köməyimə atalarımızın kəlamları çatdı. Kəlamları vərəqləyirdim ki, səhifənin birində "pişik" sözünə rast gəldim. Bu zavalsızların pişik kimi miyoldadıqlarını düşünüb bu heyvancığazla bağlı kəlamları başladım höccələməyə. Axır ki, tapdım. Yenə bizim atalarımızın sözləri gəldi köməyimə. Deyiblər ki, "pişiyin ağzı ətə çatmayanda, deyir murdardı!" Milli mənsubiyyətləri şübhə doğuran, bəzi radikal müxalifət adı ilə meydana atılan məxluqların əməllərinin mahiyyətini anlamaq üçün bundan yaxşı sitat tapmaq çətindir. Yadıma düşdü ki, vaxtilə, ötən əsrin əvvəllərində rəhmətlik Mirzə Ələkbər Sabir də, şeirlərinin birində belələrini nəzərdə tutub, bir misra da atıb ortaya: "Az qalır nəfsim hürə, it kimi dırmaşa ətə...!".

Sanki rəhmətlik elə bu gün üçün, bu günümüzün anti-qəhrəmanları üçün deyib bunu. İndi mən xırdalayım, siz də görün ki, haqlıyam, ya yox? 1988-dən başlanan xalq hərəkatına yurdçu-filançı adıyla soxulan bir qrup ünsür, yavaş-yavaş pafoslu danışıqları, populist çıxışları ilə, o zamankı siyasi səbatsız adamlarda özlərinə inam yaradıb, hakimiyyətləri yıxa-yıxa, axır ki, istəklərinə nail oldular və boy sırası ilə vəzifələri bölüşdürüb, oturdular bər-bəzəkli kreslolarda. Cəmi bircə ilin ərzində, ölkəni nə günə saldılarsa, o boyda SSRİ-ni illərlə idarə etmiş dünya şöhrətli siyasətçi on ilə onların bir ildə reysdən saldığı müstəqil dövlət qatarını güclə toplayıb relsə qalxmasına, yoluna davam etməsinə nail ola bildi. Elə ki, qatar başladı sürətlə irəliləməyə, bu bərkgedən qatara yenidən minmək fikrinə düşdülər. Burunlarına qatardan gələn "ət" iyi onları necə bihuş etmişdisə, bu qatara minib, o ətdən doyunca yeməyə qərar verdilər. Qatarı sürənlər də imkan verdilər ki, qoy dadına baxsınlar qatardakı ətin.

Küncdə bir yer verib dedilər ki, orda əyləşin, miyoldaya-miyoldaya yeyin. Hardan? Elə ki, onları bu qatara mindirdilər, oldular ermənifason pişiklər. Yəni "özümə yer edərəm, bir gör sənə neynərəm!" Başladılar qonum-qonşudakı qatarlarda dost axtarmağa. İt demədilər, qurd demədilər, erməni demədilər, kim bir-iki tikə ət atdısa qabaqlarına, alıb yedilər. Sonra da bu ətverənlər dedilər ki, istəyirsinizsə, kömək edək, bu qatarın sükanını alın ələ, ətin hamısı olsun sizin.Onlara da elə bu lazım deyildimi? Razılaşdılar ki, lap qatar yolundan çıxsa da, içindəkilər qəzaya düşüb, zədə-flan alsalar da, fərq eləməz. Taki bu qatarın sükanını əlimizə alıb, ağalarımızın istədikləri tərəfə sürək və içindəkiləri acından qırıb, özümüz doyunca ət yeyək. Beləcə, başladılar ağalarından aldıqları iylənmiş ətdən yeyə-yeyə qatarı yolundan döndərmək uğrunda ölüm-dirim savaşına. Amma gücləri çatmadı. Ona görə ki, sükanı idarə edənlər onlardan da, onların ağalarından da yüksək dərəcəli sürücülərdi. Üz çevirdilər qatarın sərnişinlərinə ki, onlardan dəstək alsınlar, dəstək əvəzinə, gördükləri dirsək və iki barmağın arasından boylanan baş barmaq bir az da əsəbləşdirdi. Beləcə itlərlə-qurdlarla və ermənilərlə əlbir olan bu zavalsızların əlləri ətdən çıxdı. Vəziyyəti belə görəndə, başladılar qatara çamırlar atmağa. Bu qatarda demokratiya yoxdu, insan azadlığı yoxdu, nə bilim, insanlar acından ölür, tariximiz məhv edilir... Daha nə bilim nələr. Yəni əli bu məmləkətin ətinə çatmadı, pişik olsalar da, it kimi ətə dırmaşmaq istəyib ağızları üstdə yerə çırpıldılar. Bundan sonra anladılar ki, bu ət onlarlıq deyil, başladılar ki, murdar ətdi. Bax beləcə, bu qatarı yolundan döndərmək naminə, düşmənlərə satmaqda davam elədilər. Özləri cəhənnəm, onlardan əmələ gələnlər də... Burda xəbər elədilər ki, bu günlük vaxtım qurtardı. İnşallah, onlardan da yaxın vaxtlarda bir-iki kəlmə ərz eliyərəm qulluğunuza!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...