Ağcabədidə "Mən bullinqə qarşıyam" adlı maarifləndirici tədbir keçirilib

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən, Gənclər üçün Təhsil Mərkəzi və UNİCEF-in birgə icra etdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində YAP Ağcabədi rayon təşkilatı qadınlar şurası, GTM Qarabağ ofisi və Ağcabədi rayon Polis Şöbəsinin birgə əməkdaşlığı ilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında "Mən bullinqə qarşıyam" adlı maarifləndirici tədbirlərə start verilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki, son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır: «Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bunlar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.»

Çıxışlarda vurğulanıb ki, çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq, böyüdüklərini və problemlərini özləri həll edə bilməyi beləcə öyrəndiklərini düşünərək, müdaxilə etməyin mənasız olduğunu düşünürlər. Eyni zamanda, bildirilib ki, Azərbaycanda bullinq əleyhinə heç bir qanun layihəsi işlənib-hazırlanmayıb. Bullinq hallarının qarşısının alınması üçün bullinqə geniş izah verə biləcək və profilaktika məqsədilə müəyyən proqramların yaradılmasını tələb edəcək qanun layihəsinin hazırlanması və tətbiq edilməsi məktəblərdə bullinqin qarşısının alınmasına ən böyük yardım göstərmiş olardı.

Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb. Tədbir çərçivəsində UNİCEF və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə