Astarada milli maraqların müdafiəsi mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Astara Rayon İcra Hakimiyyətiinin təşkilati dəstəyi ilə 19 Noyabr 2019-cu il tarixində Astara rayon Mərkəzi Kitabxanasında seminar təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Astara Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Eyvazov, rayonun ictimai-fəal gəncləri, gənc müəllimləri, Astara pedaqoji Kollecin tələbələri ümumilikdə 47 nəfər gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Eyvazov tədbir iştirakçılarını salamlayıb, belə bir aktual və həssas mövzuda layihənin Astara rayonunda keçirilməsinə görə təşkilata öz adından və gənclər adından təşəkkürünü bildirib. O həmçinin nitqində ölkədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ən son genişmiqyaslı layihələr haqqında, eləcə də Astara Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Daha sonra çıxış edən "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev donor təşkilat-QHT Şurası və sədri olduğu təşkilatın bundan əvvəl cənub zonasının 7 rayonunda fəaliyyəti haqqında danışıb. O həmçinin layihənin əsas məqsədinin sosial şəbəkələrin imkanlarından istifadə edərək milli maraqların müdafiə olunmasında hər bir kəsi fəal iştirak etməyə təşviq etmək olduğunu bildirib.

Layihə eksperti Elbəy Fətəliyev seminar müddətində sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri, eləcə də milli maraqlarımızın müdafiə olunmasında sosial şəbəkələrin imkanları və təsiri haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Seminar iştirakçıları ilə müzakirə şəraitində keçən seminarda iştirakçılardan Vəfa Nəzirova, Aynur Əskərova və Nahid Cəfərov və başqaları çıxış edərək milli maraqların müdafiə olunmasında gənclərin üzərinə daha böyük vəzifələrin düşdüyünü, eləcə də sosial şəbəkələr üzərindən müstəqil və qüdrətli dövlətimizin maraqları naminə anti-Azərbaycan çağırışlar edən radikal qüvvələrə qarşı mübarizə aparmağın olduqca əhəmiyyətli olduğunu vurğulayaraq fəaliyyət göstərdikləri və təhsil aldığı müəssisələrdə bu istiqamətdə təbliğati işlər aparacaqları haqqında danışıblar.

Layihənin həyata keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gəncləri zərərli ideologiyaların və müxtəlif formalarda fəaliyyət göstərən radikal, ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, layihə ümumilikdə cənub zonası üzrə 8 rayonu-Biləsuvar, Lənkəran, Lerik, Cəlilabad, Salyan, Masallı, Yardımlı, Astara əhatə edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...