Qış mövsümünə hazırıqmı? ARAŞDIRMA

Artıq qış mövsümü qapımızın astanasındadır. Dekabrın 21-də ölkəmizə daxil olacaq mövsümdə soyuq havalar bizim komkunal xidmətlərdən daha çox istifadə etmək məcburiyyətimizi artırır. Sərt havalarda hər kəs mavi qaz, işıq və istilik sistemi ilə tam şəkildə təmin edilmək istəyir, desək yanılmarıq. Havaların soyuması hər birimizin diqqətini kommunal xidmətlərlə məşğul olan dövlət qurumlarının fəaliyyətinə yönəltməyə və bir sual haqqında düşündürməyə vadar edir. Görəsən bu il qışa hazırıqmı? SİA məsələ ilə bağlı aidiyyatı qurumların səlahiyyətlilərinin fikrini öyrənib:

İşıq sönəcəkmi?

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söyləyib ki, artıq bir neçə ildir ki, “Azərişıq” ASC tərəfindən payız-qış mövsümünə hazırlıqlar fərdi qaydada və ya fərqli həyata keçirilmir: “Çünki, bu gün yay aylarında xüsusilə də iyul-avqust aylarında işıqla bağlı sərfiyat qış ayları dekabr, yanvarla bərabərləşir. Bu əlbəttə ki, evlərdə işlədilən soyuducu, kondisionerlərlə bağlıdır. Bu baxımdan “Azərişıq” tərəfindən tədbirlər planı konkret mövsümü deyil, bütün ili əhatə edir”.

Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə bu gün ölkənin bütün ərazisində işıqla bağlı yenidənqurma, təmir tikinti işləri həyata keçirildiyini deyən mətbuat xidmətinin rəhbəri söyləyib ki, 10 il bundan qabaq qış mövsümünün gəlməsi nəticəsində elektrik enerjisinin verilməsi ilə bağlı hər hansı narahatlıq var idisə, bu gün Azərbaycan vətəndaşları ölkə daxilində harada yaşamasından asılı olmayaraq 24 saat elektrik enerjisi ilə təmin olunub: “Küclü külək olan zaman qurum tərəfindən xətlərin bir-birinə dəyməsin qısaqapanmalar olmasın deyə qabaqlayıcı tədbirlər görülür. Belə hava şəraitlərində qısa müddətdə fasilələr ola bilir ki, bu da obyektiv şəkildə olur. Xidmət səviyyəsinin hər dəqiqə yenilənməi istiqamətində işlər gedilir”.

İstilik sistemində VƏZİYYƏT!

“Azəristiliktəchizat”ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev söyləyib ki, payız-qış mövsümünə hazırlıqla bağlı “Azəristiliktəchizat” tərəfindən hər il olduğu kimi yeni istilik mənbələrinin yaradılması, magistral məhəllə daxili istilik xətlərinin əsaslı təmiri, yenidən qurulması, qazanxanaların qaz təchizatının yaxşılaşdırılması və ümumilikdə istilik şəbəkələrinin tam təftiş olunub problemlərin tam aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilib: “Azəristiliktəchizat”ın bu il işləməsi nəzərdə tutulan 550 qazanxanası vasitəsilə tək sosial obyektlər yox, 3900-a yaxın yaşayış binası və həmin yaşayış binalarında 180 mindən artıq mənzil, eyni zamanda layihə üzrə bizim mənbələrimiz vasitəsilə isidilməsi nəzərdə tutulan bütün məktəblər, uşaq baxçaları, səhiyyə müəssisələri, 1800-ə yaxın digər sosial obyektib istiliklə təchizatə artıq verilməyə başlayıb. Artıq qurumun 550 qazanxanası, 90 istilik məntəqəsi bu gün tam fəaliyyətdədir. Noyabrın 1-dən Dağlıq və dağətəyi rayonlarında, noyabrın 15-dən isə Bakı şəhərində və ətraf rayonlarda, eləcə də respublikanın digər ərazislərində istilik təchizatına start verilib”.

Xətlər yenilənir?

Qurum sözçüsü qeyd edib ki, bu gün “Azəristiliktəchizat”ın 1200 kilometrə yaxın magistral məhlədaxili istilik xətti var: “Hər il mövsüm bitdikdə biz xətləri hidravlik təzyiqlə yoxlayır, zəif nöqtələri müəyyənləşiririk. Təkcə bu il mövsümlə bağlı 42 kilometrə yaxın magistral məhlədaxili xəttlər yenisi ilə əvəz edilib”.

R.Əliyev deyib ki, ümumiyyətlə, layihə üzrə mərkəzləşmiş istilik sisteminə qoşulan binaların hamısı köhnə tipli binalardır: “Yeni tikilən binalardan cəmi 40-ı “Azəristiliktəchizat”ın istiliyi ilə təmin olunur. Bu da bina inşa olunarkən bizə edilən müraciət əsasında etibarlı istilik mənbəyi olduğu zaman mümkün olur. Bildiyiniz kimi qazanxanalar bina inşa edilməmişdən öncə tikildiyi üçün istiliklə təminat yalnız həmin ərazidə yerləşən köhnə binalar, səhiyyə ocaqları, məktəblər uşaq baxçaları üçün nəzrdə tutulur. Yalnız ehtiyat gücü olduqda yeni tikilən binalara da bizim mənbələrə qoşulmaq imkanı verilir. Bu gün Bakı şəhərində 80 faiz mərkəzi istilik sisteminə qoşulan binalar istiliklə təmin olunur”.

Qızdırıcı cihazların yerinə dəyişənlərin DİQQƏTİNƏ!

Qurum sözçüsü qeyd edib ki, bu gün vətəndaşlarımızın bir çoxu təmir edərkən qızdırıcı cihazların yerini dəyişirlər: “Belə olan halda, bina daxili istilik sistemində dönmələrin sayı artır və bu da əlbəttə ki, əlavə müqavimət yaradır və istiliyin dərəcəsinin aşağı düşməsinə səbəb olur: “Bundan başqa bəzi binalarda dik dayaqlar artıq ömrünü başa çatdırıb. Yaxşı olardı ki, vətəndaşlarımız hər il mövsümqabağı daxili istilik xətləri ilə bağlı mənzil mülkiyyətçilərinə müraciət etsinlər. Əvvəlki dik dayaqlar yeni plastik borularla əvəz olunmalıdır. Qızdırıcı cihazlarında tutulma halları varsa, yaxşı qızmırsa, seksiyaların bəziləri qızırsa, onlar sökülüb yuyulub yenidən yerinə qoyulmalıdır. Bu gün bizə istilik təchizatı ilə bağlı edilən şikayətlərin arxasında məhz bu problemlər dayanır. Bununla bağlı “Azəristiliktəchizat”ın əraziyə xidmət göstərən bütün istilik sistemləri istismar idarələrinə göstəriş verilib ki, vətəndaşlarımız tərəfindən belə hallarla bağlı müraciət edildikdə, onlara təmənnasız mühəndis texniki dəstəyi göstərilsin. Hətta bizim aidiyyatı qurumlarımız tərəfindən mənzildaxili istilik xətləri bərpa olunarkən belə vətındaşlarımızın aşağı paylayıcı istilik sisteminə qoşulmaları üçün təmənnasız köməklik edilir. Bu gün 60-minə yaxın mənzil sırf binadaxili, mənzildaxili istilik sistemində yaranan problemlərə görə istiliklə təmin oluna bilmir”.

Ölkədə qazlaşdırma hansı səviyyədədir?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, hazırda Azərbaycanda ölkə başçısın da çıxışlarında qeyd etdiyi kimi ölkədə qazlaşdırma artıq 96 faizə çatmaq üzrədir: “Bu da Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəfdir ki, biz ilin sonuna qədər ölkədə qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılmasına çalışırıq. Kəndlərdə, qəsəbələrdə, yeni yaşayış massivlərinə xüsusi diqqət ayrılır. Çünki, belə massivlər getdikcə artır. Qazlaşdırma işini daha da sürətləndiririk ki, yeni ilə qədər planda, Dövlət Proqramında olan bütün qazlaşdırılacaq ərazilər qazla təmin oluna bilsinlər. Artıq 92 yaşayış massivinin 66-sında açılışlar baş tutub. Artıq ən ucqar kəndlərdə qazdan stifadə imkanları var. Baxmayaraq ki, ucqar kəndlərə qaz çəkilişi həm maddi, həm də relyef baxımdan bir qədər mürəkkəbdir, lakin Dövlət Proqramında belə ərazilər də öz əksini tapır”.

Mövsümdə qaz problemi olacaqmı?

Mövsümlə bağlı hazırlığa gəldikdə isə mətbuat xidmətinin rəhbəri söyləyib ki, bu proses artıq proqram şəkildə aprel-may aylarından start götürür, xüsusi proqram tərtib olunur, işçi qüvvəsi cəlb olunur: “Yay aylarında günün işıqlı saatları çox olduğu üçün hazırlıq işləri daha tez həyata keçirmək, həm də işlərə daha çox işçi cəlb etmək imkanı verir. Noyabrın əvvəlinə olan statistikasına baxdıqda, 2 milyon 300 minə yaxın abonentimizin olduğunu görmək mümkündür. Bu sırf əhalini qrupuna aid rəqəmdir. Qeyri-əhali qrupu bura daxil deyil. Bu qədər abonentin qayğıları ilə məşğul olmaq, xüsusilə də hava bir qədər soyuduqda onlardan gələn müraciətləri cavablandırmaq, asan məsələ deyil. Qurumun 104, 185 saylı qaynar xəttləri fəaliyyət göstərir. Biz daha çox payız-qış mövsümündə abonentlərimizlə dost olmağa çalışırıq. Biz problemlərə açığıq və onların narazılıqlarını öz dillərindən eşitmək istəyirik”.

Qazı olmayanların NƏZƏRİNƏ!

C.Səfərov söyləyib ki, “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri qazlaşdırılmayan ərazilərin sakinləri ilə görüşə hazırlaşır: “Bütün qaz çəkilməyən ərazilərdə ünsiyyətə gediləcək. Bu görüşlə yaxın zamanlarda bölgələrdə, paytaxtımızın özündə bu görüşlər təşkil olunacaq. Bu ünsiyyət bizə onların problemlərini dolayısı ilə deyil, birbaşa eşitmək imkanı verəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...