"Azərbaycan gənci həm milli, həm də dünyəvi dəyərlərə sahib çıxmalıdır" Sevinc Abdullayeva

SİA Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayevanın müsahibəsini təqdim edir:

- Sevinc xanım, Yeni Azərbaycan Partiyasının 27 yaşı tamam olur. Bununla bağlı nə deyə bilərsiniz?

- Günü-gündən inkişafı ilə bütün dünyanı heyrətləndirən müasir Azərbaycanın iqtidar partiyası Yeni Azərbaycan Partiyasının yaradılmasından düz 27 il ötür. Partiyanın dövlət müstəqilliyimizin möhkəmlənməsində və əbədiləşməsində müstəsna xidmətləri olub. 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin, daha sonra isə onun layiqli davamçısı Prezident İlham Əliyevin sədrliyi ilə YAP Azərbaycan xalqının arzu və istəklərinin gerçəkləşməsi, problemlərinin həlli, ümumilikdə cəmiyyətimizin köklü şəkildə inkişafı baxımından çox böyük işlər görüb. Düşünürəm ki, YAP bu illər ərzində həm də bir növ Azərbaycan xalqı və dövləti arasında körpü rolunu oynadı. Hazırda partiyanın 700 mindən artıq üzvü vardır. Bu da xalqımızın YAP-a olan inam və etibarının göstəricisidir. Çünki Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin nümunəsində öz fəaliyyəti ilə hər zaman millətin, xalqın yanında olduğunu nümayiş etdirib. Ümummilli lider Heydər Əliyev deyirdi ki, Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranıb. Bu mənada mən həmyaşıdım olan, yaşına görə gənc, lakin fəaliyyəti və gördüyü işlərin miqyası baxımından Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyuram.

- Siz həm də YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədrisiniz. Gənclər Birliyindəki fəaliyyətiniz barəsində nə deyə bilərsiniz?

- 2015-ci və 2019-cu illərdə YAP Nizami rayon təşkilatı Gənclər birliyinin IV və V hesabat-seçki konfranslarında birliyin sədri seçilmişəm. Mənə göstərilən bu etimad partiyadakı fəaliyyətimi daha da gücləndirməyə, gənclərlə daha fəal iş aparmağa, yeni layihələr ərsəyə gətirməyə həvəsləndirdi. Bildiyiniz kimi, YAP Gənclər Birliyi Azərbaycanda fəaliyyət göstərən ən böyük ictimai-siyasi gənclər təşkilatlarından biridir. Gənclik dedikdə isə ağıla yenilik, müasirlik, çağdaş fikirlər, inkişaf və tərəqqi gəlir. Bu baxımdan bir gənc kimi belə məsul bir vəzifəyə layiq görülməkdən həm fəxarət hissi keçirirəm, həm də bu böyük məsuliyyətin fərqindəyəm.

2015-ci ildən bu günədək YAP Nizami rayon təşkilatı gənclərinin cəmiyyətin müxtəlif sahələrində fəal şəkildə təmsil olunmasına yönəlmiş bir sıra layihələr, görüşlər keçirmişik. YAP Nizami rayon təşkilatının gənclərinin “Aztəminatlı ailələrə qayğı” aksiyasına qoşulmasını və digər bir sıra humanitar aksiyaları, şanlı tariximizin təbliği məqsədilə əlamətdar tarixlərimizin xüsusi olaraq qeyd edilməsini, sosialyönümlü layihələrimizi buna misal çəkə bilərəm.

Qeyd edim ki, birliyimizdə xanımlar xüsusilə fəaldırlar. YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin 2590 nəfərini qadınlar təşkil edir. Şərqdə qadınlara seçki hüququ vermiş ilk dövlət olduğumuzu nəzərə alsaq, xanımlarımızın bütün sahələrdəki fəallığı təqdirəlayiqdir. Gənc üzvlərimizin 3581 nəfəri ali təhsillidir, 5 nəfəri isə elmlər namizədidir.

Gənclərin təhsil alması, savadlanması, elmə, biliyə yönəlməsi daim əsas hədəflərimizdən biri olub. Hazırda üzvlərimizin bir çoxunun təhsilli, müəyyən peşəyə yiyələnmiş şəxslər olduğunu gördükdə, parlaq gələcəyə olan inamımız daha da artır.

- Sizcə, müasir Azərbaycan gəncinə uğurlu olmaq üçün hansı xüsusiyyətlər gərəklidir?

- Fikrimcə, müasir Azərbaycan gənci yalnız keçmişinə sahib çıxarsa, bu gününün fərqində olarsa və atdığı addımların gələcəkdə nəyə gətirib çıxara biləcəyini düzgün proqnozlaşdırarsa, uğurlu ola bilər. Biz gənclər milli kimliyimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına və tarixi həqiqətlərimizin dünyada təbliğinə çalışmalıyıq. Əsası Ulu Öndərimiz tərəfindən böyük əziyyətlər hesabına qoyulmuş müasir, inkişaf etməkdə olan Azərbaycanın mərd, yenilməz, cəsarətli, eyni zamanda ziyalı, dünyagörüşlü cavanlara ehtiyacı var. Ona görə də çağdaş Azərbaycan gənci həm milli, həm də dünyəvi dəyərlərə sahib çıxmalıdır. Mən gənclərimizin potensialına, gücünə və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə