Milli dirçəlişdən başlanan inkişaf yolu

XX əsrin 80-cı illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və Qarabağın dağlıq hissəsində azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet dövləti və ordusu tərəfindən dəstəklənirdi. Ozamankı SSRİ rəhbərliyinin məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan alaraq Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqın səbir kasasını daşırmışdı. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. 1988-ci ildə ermənilər xalqımıza qarşı növbəti xəyanət planını hazırlayırdılar. Onlar Şuşada cəngavərlik meydanımız olan Topxana meşəsini qırıb, yerində alüminium zavodu tikmək, Dağlıq Qarabağda iğtişaşlar yaratmaq və oranı Ermənistana birləşdirmək kimi məkrli niyyətlərini gerçəkləşdirməyə çalışırdılar. Noyabrın 17-də BDU-nun tələbə və müəllimləri buna qarşı öz etiraz səslərini ucaltdılar və böyük bir izdiham şəhərin küçələrini dolaşaraq Azadlıq meydanına tərəf yeridi, Adamla dolu meydanda mitinq keçirilir, ermənilərin özbaşınalığı pislənir, Dağlıq Qarabağın təhlükə altında olmasından həyacanla danışılırdı. Ancaq dövlət xalqın arxasında dayanmır, onu dəstəkləmirdi. Buna baxmayaraq, gənclər soyuq gecələrdə də meydanı tərk etməyib, xalqın haqqını sona qədər müdafiə etdilər. Meydanın ətrafında çadırlar quruldu, ora Azərbaycanın hər yerindən ərzaq daşındı, minlərlə insan meydanda gecələdi. Ancaq Sovet ordusu 18 gündən sonra top və tanklarını meydana yeritdi. İnsanlar döyüldü, əzildi. Elə dirçəliş uğrunda ilk şəhidimiz – Gündüz Xəlilov da o gecədə həlak oldu. Sovet ordusu meydanı boşaltmağa, insanları topların, tankların gücünə meydandan yığışdırmağa nail olsa da, xalqın milli özünüdərkində, oyanışında, dirçəlişində, daha sonra əldə olunan azadlığa mane ola bilmədilər. Bu tarixi xidmətlərin nəticəsidir ki, Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı, bu müstəqillik əbədi, dönməz bir xarakter aldı. Gənc dövlətimiz addım-addım, mərhələ-mərhələ irəlilədi, artıq sivil dövlətlərin keçdiyi demokratik inkişaf yoluna çıxdı. Bu mübarizələr yolunun sona çatmasını isə Azərbaycan xalqı “dirçəliş” günü adlandırdı. Müstəmləkə əsarətindən cana gəlmiş xalq hər şeyə qadir olduğunu göstərdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəliş idi. Çox mütərəqqi, inqilabi, demokratik hərəkatın, oyanışın başında əsl vətənpərvərlər dururdu. Xalqın müqəddəs arzuları, ümidləri puça çıxmışdı, ölkədə vətəndaş itaətsizliyi, vətəndaş qarşıdurması yaranmışdı, qan tökülürdü. Vəzifə kreslosunu qoruyub saxlamaq naminə Moskva qarşısında yaltaqlanan və acizlik göstərən ozamankı rəhbərlik xalqın və vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi.

Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən Azərbaycanın ovaxtkı dırnaqarası rəhbərliyinin siyasi səbatsızlığı ucbatından 20 Yanvar faciəsi baş vermişdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildi. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. O həm 1990-cı il yanvarın 21-də – Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsini lənətləyən bəyanat verməsi ilə, həm də həmin il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyasında atdığı addımlarla xalq azadlıq hərəkatımızın inkişafına möhtəşəm bir dəstək vermişdi. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasının adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, üçrəngli, ay-ulduzlu bayrağın Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul olunması və Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması üçün vəsatət qaldırması, müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük və uğurlu addım atmışdı. Təbii ki, azadlıq istəyi xalq hərəkatından başlansa da, həmin günlərdə meydanda xalqın, həqiqi mənada, milli lideri olmadığından dövlətçiliyimizin dirçəliş ideyasının həyata keçirilməsində siyasi və tarixi baxımdan mühüm və vacib addımlar atılmadı. Xalq getdikcə daha ya­xından əmin olurdu ki, onun milli liderə böyük ehtiyacı vardır. Belə bir tarixi şəxsiyyət isə yalnız ulu öndər Heydər Əliyevdir. Əslində, bunu o vaxtkı ittifaq və respublika rəhbərliyi də aydın dərk edir və buna görə də bu nəhəng insanı, uzaqgörən siyasətçini siyasi təqiblərə, əsassız böhtanlara məruz qo­yur, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdaraq si­yasi fəaliyyətlə məşğul olmasına əngəllər törədirdilər. Azərbaycan xalqının böyük əksəriyyəti isə rastlaşdığı mövcud problemlərin yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanaraq, onun respublika rəhbərliyinə qayıdışını təkidlə tələb edirdi. Bu hərəkatın ən fəal iştirakçısı isə o dövrdə, heç şübhəsiz ki, Naxçıvan əhalisi idi. 1988-ci ildən muxtar respublikada geniş vüsət alan mitinq və yürüşlərə xalq ümummilli liderimiz Heydər Əliyevin portretləri ilə çıxır, öz milli liderinə qarşı aparılan haqsız təqib kampaniyalarına son qoyul­masını tələb edirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan savadsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir.

Xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən 31 ilə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda şərəfli bir dövr olduğunu görmək olar. Torpaqlarımızın təxminən 20 faizini Ermənistanın təcavüzü nəticəsində müvəqqəti itirsək də, dövlət müstəqilliyinin möhkəmlənməsini təmin edə bilmişik. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında xaricdən dəstək alan qüvvələr dövlət çevrilişi həyata keçirməyə cəhd göstərsələr də, uğursuzluqla nəticələndi. Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionun güclü dövlətinə çevrilmişdir. İqtisadiyyatımız MDB-də ən yüksək inkişaf surətinə malikdir. Siyasi sabitliyin bərqərar edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycanın zəngin tarixi keçmişi, Şərq və Qərb dəyərlərini öz mentalitetində əks etdirməsi, əlverişli geosiyasi mövqeyi, zəngin təbii ehtiyatlara malik olması xalqımıza firavan və təhlükəsiz yaşamaq haqqı verir. Bu haqqa həmişəlik sahib olmaq üçün ölkə daxilində siyasi sabitliyi qorumaq və milli həmrəyliyi təmin etmək lazımdır. Bütün bunlar isə hər bir Azərbaycan vətəndaşının siyasi yetkinlik nümayiş etdirməsi sayəsində mümkündür. Hazırda Prezidentimizin təşəbbüsü ilə dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Nəhəng şirkətlərin Azərbaycana marağı artmışdır. Xarici sərmayə qoyuluşuna və iqtisadi inkişaf surətinə görə ölkəmiz 2005-ci ildə nəinki regionda, həm də dünyada liderlər sırasına çıxdı. Qeyri neft sektoruna – rabitə, maşınqayırma, yeyinti, xidmət sahələrinə xarici sərmayə qoyuluşu durmadan artdı. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşmış Heydər Əliyev adına “Bakı – Tbilisi – Ceyhan” Əsas İxrac Boru Kəməri artıq tam gücü ilə işləyərək neftimizi dünya bazarına çıxarır. Bu kəmər və inşası başa çatdırılmış “Bakı – Tbilisi – Ərzurum” qaz kəməri həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynamaqdadır. Bölgələrdə modul tipli elektrik stansiyalarının istifadəyə verilməsi, “Əsrin müqaviləsi” əsasında neft və qaz istehsalının genişlənməsi ölkəmizin enerji təhlükəsizliyini təmin etmişdir. Bakı – Tbilisi – Qars dəmiryol xəttinin inşası Yaponiya və Cin mallarını Qərbi Avropaya daşımaqda mühüm rol oynamaqla yanaşı, Azərbaycanın nəqliyyat təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəkdir. Həmin tarixi qərarların qəbulunda Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirib, bu sənədlərə öz möhürünü və imzasını əbədi həkk edib...

Bəli, Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda meydan hərəkatı xalqı birləşdirdi, ölkəmizin müstəqilliyə doğru irəliləməsi üçün xalqı oyatdı. Bu oyanma xalqı birləşdirdi. Bu birləşmə xalqı özünün azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Bu mübarizə nəticəsində xalq öz müstəqilliyini əldə edə bildi. Ulu öndər Heydər Əliyevin bu müstəqilliyin möhkəmləndirilməsində böyük rolu oldu. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyevin layiqli davamçısı Ölkə Prezidenti İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Xalqın şüurunda baş vermiş milli oyanış xarici siyasət, iqtisadiyyat sahəsində əldə olunmuş uğurların təzahürü, torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Bu bizim ən böyük bayramımızdır. Çünki digər tarixi hadisələrimiz məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan dünyaya gəlib. Beləliklə, milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. O dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqillik tariximizdə mühüm mərhələ təşkil edir.

Oyanış günümüz mübarək olsun, Vətən!

Natiq Əhmədov

Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...