“Fərqli tur, fərqli yanaşma” şüarı altında ekotur keçirilib

“Fərqli tur, fərqli yanaşma” şüarı altında Göygöl Milli Parkında məcara turu təşkil olunub. “Kap.az” Fərqli Turizm Klubu və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun dəstəyi ilə keçirilən təbiət yarışmasına 50 -dək iştirakçı qoşulub.

Göygöl milli parkının direktoru Xaliq İsgəndərov jurnalistlərə bildirib ki, məcara turuna qoşulan iştirakçılar 7 km məsafəni qət edərək milli parkın füsunkar təbiəti, dağ yolları, meşəsi və ekoturizm marşrutları ilə tanış olublar.
“Tur zamanı ekstremal offroad, ox atma, müxtəlif xalq oyunları kimi müsabiqələr keçirilib və qaliblər mükafatlandırılıb.

Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd milli parklarda ekoloji turizmin təbliğinə nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, eyni zamanda milli parklara turistlərin marağını artırmaqdır”.

Qeyd edək ki, bu, noyabr ayı ərzində Azərbaycanın milli parklarında ekoloji turizmi təbliğ etmək üçün təşkil olunan sayca dördüncü tədbirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...