Xidməti müqavilə üzrə işləyənlərin icbari sığortaya cəlb edilməsi müzakirə olunur

Xidməti müqavilə üzrə işləyən şəxslərin də reyestrinin hazırlanması və İcbari Sığorta Bürosu (İSB) ilə mübadiləsi, əmək müqavilələri əsasında işləyən şəxslər kimi, onların da icbari sığortaya cəlb edilməsi üçün müvafiq işlər aparılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, nəticədə xidməti müqavilə əsasında işləyən şəxslərin də istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sistemi ilə əhatə olunması təmin ediləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli nazirlikdə Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, "PAŞA Həyat Sığorta”, "Atəşgah Həyat Sığorta”, "Qala Həyat Sığorta” və "Xalq Həyat” ASC-lərin nümayəndələri ilə keçirilən növbəti görüşdə bildirib.

M.Abbasbəyli istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhəmiyyətini qeyd edib, bu sahədə nazirliklə İSB arasında fəal əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, adiyyəti məlumatların elektron sistem üzərindən İSB ilə mübadiləsinin həyata keçirildiyini deyib. Məşğul şəxslərin reyestri formalaşdıqdan sonra həmin reyestrin də sığorta şirkətləri ilə mübadilə ediləcəyini, bununla da sığorta sistemi ilə əhatə olunan şəxslərin dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcəyini qeyd edib.

Görüşdə İSB ilə məlumat mübadiləsi prosesində, ümumən əməkdaşlıq müstəvisində qarşıya çıxan məsələlərin həlli ilə bağlı işçi qrupun yaradılmasına dair yekdil fikir ifadə olunub. Ümumilikdə, icbari sığortaya cəlb edilmənin dairəsinin daha da genişləndirilməsi, elektron texnologiyaların tətbiqi şəraitində bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi, işçilərin icbari sığortaya cəlbinin vacibliyi və əhəmiyyəti barədə işəgötürənlərin ətraflı məlumatlandırılması və s. məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə