İmadəddin Nəsimiyə həsr olunan kitab təqdimatı keçirilib TƏDBİR

Bu gün, 15 noyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində İmadəddin Nəsimiyə həsr olunan kitabın təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə eyni zamanda Nəsimiyə həsr olunan fərdi jurnalist yazıları müsabiqəsinin yekunları da elan edilib, qaliblər mükafatlandırılıb.

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb və tədbir iştirakçılarına Nəsimiyə həsr olunmuş kitabdan danışıb, eyni zamanda yazı müsabiqəsinin yekunları barədə də məlumat verib.

Ardınca çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona xanım Vəliyeva milli ədəbiyyatımızdan danışaraq Ümummilli Liderin bu ədəbiyyata diqqət və qayğısını vurğulayıb. Ulu Öndərin Nəsimi irsinə dərin hömətindən danışan S.Vəliyeva onun ədib barəsində çəkilən filmin ssenarisi ilə də yaxından tanış olduğunu xatırladıb. Xüsusilə qeyd edib ki, Ümummilli Lider təkcə Nəsimi yaradıcılığı deyil, həmçinin hürufilik təliminin də dərin bilicisi olub.

Çıxışların ardınca mükafatlar təqdim olunub.

Qeyd edək ki, mükafatçılar arasında “Nəsimi Dünyası Rənglərin İşığında” kitabının müəllifi Ziyadxan Əliyev də var. Mükafatçılar özləri də öz çıxışlarında dahi Nəsimiyə həsr olunan bu kitabdan danışıb və onun ərsəyə gəlməsində xüsusi əməyi olan “Kaspi” tədris mərkəzinə və onun rəhbəri Sona xanım Vəliyevaya şəxsən təşəkkürlərini bildiriblər.

Tədbir iştirakçıları azyaşlı Fidanın ifasında Nəsimi qəzəlini dinləyib və onu alqışlayıblar. Tədbir digər çıxışçıların çıxışları ilə davam etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə