650 min ağac əkilməsi ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkə ərazisində 650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsi ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. SİA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə müsahibəsində deyib.

“Bu, nəcib və xeyirxah təşəbbüsün həyata keçirilməsi ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Bu qədər sayda və bu qədər geniş miqyası əhatə edəcək ekoloji tədbir ilk dəfə olaraq həyata keçiriləcək. Həmin ağacların təkcə əkilməsi deyil, həm də onlara qulluq edilməsi, boya-başa çatdırılması da diqqət mərkəzində olacaq. Artıq həmin təşəbbüs nəticəsində salınacaq yaşıllıq zonalarının xəritələşməsi həyata keçirilib və həmin zonalarda müvafiq monitorinqlərin aparılması da nəzərə tutulub”, - deyə nazir müavini bildirib.

Xatırladaq ki, əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə