Seçilmək üçün sevilmək lazımdır…

Onlar nədənsə “rəngarəng” mövzulara daha çox yer ayırmağı sevirlər. Çünki həqiqət bir rəngdədir və onu görmək üçün gözlə baxmaq kifayət etmir və gərəkdir ki, baxıb gördüyünü dilə gətirmək qüdrətin olsun. Hələ etiraf etməyi demirik.

Bu gün onların etdiklərinə və dediklərinə özünə hörmət edən media qurumlarından reaksiya gəlmədiyini, onlara “təlabatın” olmadığını görüb okeanın o tayına üz tutmaları başadüşüləndir. İnternet məkanı söyüşlərini ixrac etmək, xaricdəki havadarları ilə əlaqə saxlamaq üçün yeganə “nəfəslikləridir”.

Tükəndiklərini bilirlər. Sosial şəbəkələrdə tərəfdaş yığmaq sonuncu yoldur. Xalq o adamın arxasınca gedir, ona liderim deyir ki, o, ən çətin anlarda düzgün qərar çıxardır, siyasi iradə ortaya qoyur, şəxsi mənafeyini xalqın mənafeyindən üstün tutmur.

Siyasi fəaliyyətsizlikləri artıq çevrələrindəkiləri də bezdirən “bir ovuc” “inqilabçı” guya Azərbaycanda siyasi papulizimlə nəyisə dəyişəcəklərinə ümid edirlərsə, yanılırlar. 21 əsr doxsanıncı illər deyil ki, “Fatı qalx, fatı otur”la dövlət idarə olunsun, millət pafoslu çıxışların badına gedib faciələrlə üzbəüz qalsın. Özünü müxalifət kimi cəmiyyətə sırımaq istəyənlər bu gün bütün siyasi uğurlarının altından xalqının imzasını qoyan, onun xidmətçisi olan möhtərəm Prezidentimizlə açıqdan-açığa düşmənçilik edir. Ümumi işə fayda verən raqabətdən qaçmaq bir zamanlar meydanı boş görənlərin, indi isə sosial şəbəkədə at oynadanların köhnə şakəridir.

Reallıq odur ki, Azərbaycan təbii sərvətlərinə, xüsusən də neftinə görə dünyada tanınırdısa, 1993-cü ildən sonra Heydər Əliyev dühası onu müstəqil bir dövlət kimi nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvünə çevirdi, Azərbaycan həqiqətləri siyasi arenalarda müzakirə mövzusu oldu. Din, dil və irqi seçkilik, ikili standartlar lehimizə qəbul olunmuş qərarları kölgəsində qoysa da güclənən iqtisadiyyatımız, təkcə Qafqazda deyil, dünyada sabitliyin hökm sürdüyü ölkəyə çevrilməyimiz tərafdaşlarımızın da sayını artırdı.

Qafqazda öz müstəqilliyini qoruyan, siyasi oyunlara alət olmayan ölkə adı gələndə, şübhəsiz ki, ilk yada düşən Azərbaycan olur. Bu, möhtərəm Prezidentimizin bəlanslaşdırılmış siyasətinin bariz nümunəsidir. Və əlbəttə ki, şəxsiyyət fenomeni də burada mühüm rol oynayır. Küçələrdən hakimiyyətə gələnlərin aqibətinin nə olacağı Ermənistanın timsalında bəllidir. Məhz bu “yolu” özünə gələcək tramplin kimi seçən sapı özgələrdən olan qaragürühçülar, dırnaqarası islahatlara xalqı səsləyənlər keçirdikləri qanunsuz aksiyalarda tək qaldıqlarını bir daha gördülər. Xalq onları seçmədi, çünki seçilmək üçün sevilmək lazımdır.

Yenə mitinq sevdası ilə alışıb-yanırlar, yenə nəyisə “dəyişməyə” can atırlar. Böyük siyasətin kiçik uşaqları “cız” dan qorxmurlar. Təcrübədə bu özünü sübut edib: Zərərli vərdişlərə adətkar olanlara nəyisə tərgitmək üçün öncə psixoloji söhbətlər aparılır, dözümlülüyü yoxlanılır, sonrakı proseslər ondan sonra gəlir.

İllər öncə olduğu kimi, cığallıqlarından əl çəkmir, guya xalqı arxalarınca aparacaqlarına daha inamlı olduqlarını isbatlamaq istəyirlər. Sosial şəbəkələri lillənmiş su kimi bulandırıb, elə insanlarımızı da iyrəndirib bu özünü gülünc vəziyyətinə qoymalar...

Hafiz Təmirov

Bütün xəbərlər Facebook səhifəmizdə