E-sosial.az portalına 1 milyon 100 mindən çox baxış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin noyabr ayından istifadəyə verdiyi e-sosial.az internet portalına baxış sayı 1 milyon 100 mindən çox olub. Portalın istifadəçilərinin sayı 105 mini ötüb.

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən hazırlanan portal 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirir. “E-sosial” portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı yaradıb.

ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, vətəndaş özü barədə portalda toplanmış məlumatları daimi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirir. Portal vətəndaşa habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə yararlanmaq imkanı verir.

Portalın “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. “İOS” əməliyyat sistemi üçün tətbiqin istifadəsi üçün işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə