Azərbaycanın Praqadakı səfirliyində bu ölkədə yaşayan soydaşlarımızın uşaqları üçün “Buta” həftə sonu məktəbi təsis edilib

Çexiyada fəaliyyət göstərən “Azerbaijani Community in the Czech Republic” (ACCR) cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Praqadakı səfirliyində bu ölkədə yaşayan soydaşlarımızın uşaqları üçün təsis edilmiş “Buta” həftə sonu məktəbinin birinci dərsi keçirilib.

SİA xəbər verir ki, həftə sonu məktəbinin təşkilatçısı Eldar Vəliyev şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, həftə sonu məktəbinin yaradılmasında əsas məqsəd vətəndən uzaqlarda böyüməkdə olan nəslə ana dilini öyrətmək, onları xalqımızın adət-ənənələri, tarixi, mədəni irsi ilə tanış etməkdən ibarətdir. O, məktəbin təşəbbüsçüsü olan çex vətəndaşı və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Çexiyadakı nümayəndəsi Elşad Tağıyevə öz dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, ACCR-nın təşkil etdiyi həftə sonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alacaq. Ayda iki dəfə keçirilən dərslərdə müəllimlər Leyla Musayeva və Rəna Abubəkirova uşaqlara başqa bilgilərlə yanaşı ilk növbədə Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə